“Böyüklərin savaşı”: Yeraltı sərvətlər kimə qismət olacaq? -

Xəbər verdiyimiz kimi, NATO-nun Əfqanıstandan çəkilmə qərarından sonra Brüssel Kabil Hava Limanına nəzarət edən türk hərbi kontingentinin Əfqanıstandan çıxarılmaması üçün Ankara ilə danışıqlar aparmağa qərar verdi.

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirir ki, Əfqanıstan hökuməti və bölgədə yaranmış gərginliyin qurbanına çevrilmək təhlükəsilə üz-üzə qalan Orta Asiya ölkələri isə çıxış yolları tapa bilmir kimi görünür. Görünür, bu bölgəni total nəzarətdə saxlayan Rusiya, Əfqanıstana hərbi yaxud digər resurslarını xərcləmək istəmir.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

“Moskva Orta Asiya regionunda maraqlarına ciddi zərbə vurmayacaq üçüncü gücün Kabildə var olmağına hazırlaşır. Əgər Əfqanıstandakı xaos Orta Asiyaya sirayət edərsə, Rusiya həm supergüc kimi nüfuzunu, həm də Avrasiyaya nəzarəti itirə bilər. Bildiyimiz kimi, 2021-ci ilin yanvarından bəri 270 min əfqan təhlükəsizlik və zorakılıq səbəbiylə ölkə daxilində məcburi köçkündür. Ümumilikdə isə məcburi köçkünlərin sayı 3,5 milyona çatıb. ABŞ yaxud Çindənsə Qarabağda, Liviyada, Suriyada tanıdığı Türkiyəni Əfqanıstanda görmək Rusiyaya sərf edir”.

Əfqanıstan kimlərə qismət olacağı məsələsini şərh edən, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Əfqanıstanda yaşayan özbəklər, taciklər və digər xalqların nümayəndələri Talibanla savaşmağa davam edə, hətta yaxın keçmişdə olduğu kimi hərəkata qarşı müxalifətin silahlı Şimal Koalisiyasını formalaşdıra bilərlər.

Politoloq deyir ki, Əfqanıstandakı xalqlar Talibana asanlıqla təslim olmayacaqlar. Hələlik Taliban savaşla yanaşı diplomatiyaya da üstünlük verir.


“Bu arada, Çin də uzun müddətdir Talibanla dialoq içindədir. Taliban təmsilçiləri bunu gizlətmir, onlar dəfələrlə Çində olduqlarını etiraf ediblər. Çinin Talibana təklifi bəlli olub: Əfqanıstanda möhkəmlənən uyğurlardan ibarət “Şərqi Türküstan İslam Hərəkatı” ilə mübarizə aparın, onların yerini dar edin, əvəzində biz Sizin ölkənizə yatırımlar qoyaq, müxtəlif layihələr həyata keçirək.

Müxtəlif mənbələrə görə, “Şərqi Türküstan İslam Hərəkatı”nın Əfqanıstan ərazisində 3 minə yaxın üzvü var və bu Çin üçün ciddi təhlükədir. Taliban Pekinə vəd edib ki, bu hərəkata qarşı mübarizə aparacaq, radikal uyğurların Əfqanıstanda fəaliyyətinə imkan verməyəcək. Görünür, hətta Taliban kimi radikal təşkilatın da Çin yatırımlarına ehtiyacı var. Taliban Əfqanıstanda çalışacaq çinli işçilərin təhlükəsizliyinə təminat verib”.

Elxan Şahinoğlu deyir ki, Taliban vədlərini yerinə yetirərsə Çin də öz vədlərini yerinə yetirəcək, Əfqanıstanın dağılan infrastrukturunu bərpa edəcək.

“Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Talibanın Əfqanıstanda hakimiyyətə qayıdışını belə şərh edib:

“Əfqanıstanın ciddi problemləri var. Bu ölkənin əsas problemləri ABŞ-ın siyasəti ilə əlaqəlidir. Çin Əfqanıstanın yenidən qurulması və inkişafında iştirak etməyə hazırdır. Çinin Əfqanıstanla əməkdaşlıqda bir məqsədi radikal uyğuları bu ölkədə neytrallaşdırmaqdırsa, ikinci məqsədi Əfqanıstanın dəyəri yüz milyardlarla dolarla ölçülən zəngin yeraltı sərvətlərinə sahib olmaqdır. Beləliklə, necə ki, vaxtilə ABŞ Səddam Hüseyni devirmək məqsədilə İraqa daxil oldu, ancaq nəticə əleyhinə işlədi, çünki bu ölkədə Vaşinqtonun düşməni İran hakim oldu. Vaşinqton eyni nəticə ilə Əfqanıstanda üzləşmək üzrədir. 20 il əvvəl bu ölkəyə daxil oldu ki, Talibanı məhv etsin və bu ölkədə möhkəmlənsin. Yenə tərsi oldu,Taliban məğlubiyyət əvəzinə gücləndi və Əfqanıstana ABŞ-ın əsas rəqibi Çini dəvət etmək üzrədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR