Tarixi qələbə və "Böyük Qayıdış":

Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr də icra olunur. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir.

Mövzu barədə Metbuat.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə mütəxəssisi, politoloq Samir Hümbətov bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində əldə etdiyi bu parlaq zəfərdən dərhal sonra ölkəmizdə işğaldan azad edilmiş ərazilərin sakinlərinin öz doğma yurdlarına geri dönməsi üçün “Böyük Qayıdış” prosesinə start verildi. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində tamamilə dağıdılaraq yer üzündən silinmiş şəhərlərin, qəsəbələrin və kəndlərin yenidən tikilməsi, habelə döyüş əməliyyatları zamanı ziyan dəymiş yaşayış yerlərinin əsaslı təmiri məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev sərəncam imzaladı.

“2016-cı ilin aprel döyüşlərində Azərbaycan silahlı qüvvələri 4 günlük qısa zaman ərzində ölkəmiz üçün siyasi, hərbi və strateji əhəmiyyəti böyük olan bəzi ərazilər işğaldan azad edildi. İşğaldan azad edilmiş ərazilər içərisində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi, Tərtər rayonunun Seyidsulan kəndi və Talış kəndi ətrafındakı bəzi yüksəkliklər, Goranboy rayonunun Gülüstan kəndi və digər vacib əhəmiyyətə malik ərazilər düşmən işğalından azad edildi. İşğaldan azad edilmiş ərazilər demək olar ki, bir qayda olaraq, düşmənlər tərəfindən tamamilə məhv edilmiş və sıradan çıxarılmışdır. Bu, 1994-cü ildə imzalanmış atəşkəs bəyannaməsindən sonra ilk ciddi və genişmiqyaslı hərbi əməliyyatlar oldu. 4 günlük qısa hərbi əməliyyatdan dərhal sonra 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən tikintisinə başlanıldı. Ümumi sahəsi 3850 m2 əhatə edən 150 fərdi yaşayış evi, 100 şagirdlik umumtəhsil məktəbi, uşaq bağçası, məscid və digər yaşayış üçün zəruri olan obyektlər tikilərək kənd sakinlərinin istifadəsinə verilmişdir. Qısa müddətdə tikilib təhvil verilən kənd uzun illərdən sonra nəhayət ki, öz həqiqi sahiblərinə qovuşdu”.

Samir Hümbətov vurğuladı ki, bu hadisə işğaldan azad edilmiş ərazilərə ilk “Böyük Qayıdış” olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünə inamını bir daha təsdiqləmiş oldu. Siyasi şərhçi qeyd etdi ki, 1992-1993-cü illərdə zorla öz doğma yurd-yuvalarından qovulmuş Azərbaycan vətəndaşları və ümumilikdə Azərbaycan xalqı üçün torpaqların işğaldan azad edilməsi yolunda 2016-cı il aprel döyüşləri sanki qığılcım rolunu oynamış oldu.

“2-5 aprel 2016-cı ildə Azərbaycan silahlı qüvvələri tərəfində Ermənistan ordusuna vurulmuş sarsıdıcı zərbə 2020-ci ilin sentyabr ayında baş tutan 44 günlük müharibədə əldə edilmiş parlaq qələbənin başlanğıcı kimi də dəyərləndirilə bilər. Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumuna cavab olaraq əks-həmlə əməliyyatına başladı. Ordumuz 44 günlük şərəfli döyüş yolu keçərək 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyannaməyə qədər 27 ildən artıq işğal altında qalmış Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi, Xocalının 9 kəndi işğaldan azad edilmişdir. Azərbaycanın qazandığı belə parlaq zəfərin arxasında heç şübhəsiz, xalqın birliyi, bütövlüyü və ali baş komandan İlham Əliyevin ətrafında daha sıx birləşməsi, ordumuzun yorulmadan sona kimi qəhrəmanlıq göstərərək döyüşməsi oldu”.

Azərbaycanın qazandığı bu şanlı qələbənin əldə edilməsində ölkə başçısı cənab İlham Əliyevin böyük və müstəsna xidmətləri olmuşdur. 2003-cü ildə hakimiyyətə gələn cənab İlham Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən digər sahələrdən daha çox ordu quruculuğuna diqqət ayırmağa başladı. Politoloq bir məqama diqqət çəkərək bildirdi ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına ordumuz dünyanın müxtəlif ölkələrindən ən müasir silah, sursat və hərbi texnikaları alaraq öz arsenalına daxil etmişdir.

“Qeyd edim ki, peşəkar ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələ başlandı. Peşəkar ordunun formalaşdırılması məqsədi ilə dünyanın müxtəlif ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq daha da sıxlaşdırıldı və dərinləşdirildi. Bütün bu qeyd edilənlərin nəticəsində Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etmək bacarığına sahib oldu. Ölkə başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması və bərpası, yaşayış yerlərinin yenidən tikintisi və bərpası məqsədi ilə yaşayış məntəqələrinin baş planlarının hazırlanmasına başlanıldı. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədi ilə 24 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncam imzaladı. Qarabağın yenidən tikilməsində hər bir azərbaycanlının rolunun daha da artırılması məqsədi ilə 4 yanvar 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfində “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzaladı. Bu fərmana əsasən, hər bir azərbaycanlı Qarabağın yenidən qurrulmasında yaxından iştirak edə bilər”.

Məlumat üçün bildirək ki, 19 yanvar 2021-ci ildə isə ölkə başçısı “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalayıb. 28 may 2021-ci ildə isə işğaldan azad edilmiş Ağdam şəhərinin baş planı ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. 28 iyul 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikilməsi məqsədi ilə sərəncam imzalayıb. Siyasi şərhçi sonda fikirlərinə onu da əlavə etdi ki, ölkə başçısı cənab İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya səfərlər edir, aparılan tikinti və quruculuq işləri ilə maraqlanır. Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli və intensiv şəkildə təmir-tikintisi aparmaqla “Böyük Qayıdış”ı daha da tezləşdirməyə çalışır.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.7. İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR