Türkiyənin Qafqaz siyasəti Rusiyanı qıcıqlandırdı:

“Vladimir Jirinovskinin Azərbaycanın əleyhinə fikirlər səsləndirməsinin həm daxili, həm də xarici səbəbləri var”.

Bu fikirləri Metbuat.az-a politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Jirinovskinin bu populist çıxışları, Dumada qarşıdan gələn seçkilərdə səs toplamaqdan ibarətdir.


“Bildiyiniz kimi, Jirinovkinin Liberal Demokrat partiyası Dumada səs çoxluğu olan üçüncü fraksiyadır. Rus siyasi elitasında keçmişdən qalan bir üsul var. Onlar çalışırlar ki, imperiya hakimiyyətinin gücünü hətta müasir dövrdə də göstərərək, özlərinin hamıdan üstün olduğunu sübut etsinlər. Jirinovskinin sayıqlamaları onu deməyə əsas verir ki, o bunu öz dili ilə amma başqasının təhriki ilə səsləndirib. Çünki istəyirlər ki, Dumada seçki öncəsi onu qabağa versinlər. Amma bütün bunlar bir işə yaramayacaqdır”.

Samir Hümbətov qeyd etdi ki, bu daxili səbəblərlə yanaşı, xarici səbəb də odur ki, Türkiyənin Qafqazda qazandığı uğurlar qıcıq yaradır.

“Azərbaycan-Türkiyə arasında Şuşa və Bakı Bəyannamələrinin imzalanması Rusiyanı daha çox qıcıqlandırdı. Son vaxtlar iki qardaş ölkə arasında əlaqələrin daha da istiləşməsi, həmçinin Türkiyənin Mərkəzi Asiya ilə bağlı planları da bura aiddir. Düşünürəm ki, Rusiya tərəfi aqressiyasını dövlətin səlahiyyətli nümayəndələrinin dili ilə deyil, müxalifətin dili ilə bu formada cavablandırmaq istədi”.

Politoloq xüsusilə vurğuladı ki, Azərbaycan höküməti nəyin ki, Rusiyaya sərt nota verməli, həm də Jirinovskini Azərbaycandan üzr istədib, hətta ölkəyə girişinə qadağa qoymalıdır. Əks halda bu ölkələrarası əlaqələrə təsir edə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR