Əmanətlərin Sığortalanması Fondu bu ilin ilk yarısını mənfəətlə başa vurub

Əmanətlərin Sığortalanması Fondu xəbər saytları və sosial-şəbəkələrdə Fondun 2020-ci ili zərərlə başa vurması, aktivlərinin azalması barədə yayılan və həqiqəti təhrif olunmuş formada əks etdirən məlumatlara münasibət bildirib.

Fonddan Metbuat/az-a verilən məlumata görə, ötən il ərzində 4 yeni bankın lisenziyası ləğv edilərək, müflis elan edilib və həmin dövrdə qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanılıb.

Əmanətlərin Sığortalanması Fondu iflas proseduruna başlanılmış 4 bankın əmanətçilərinin qorunan tam məbləğdə sığortalanmış 676 mln. manat məbləğində əmanətlərindən 97%-ni (655 mln. manat) tam olaraq kompensasiya edib. Sözügedən kompensasiya ödənişlərini sürətli həyata keçirməsi üçün Fond öz likvid aktivlərindən istifadə edib və eyni zamanda, Mərkəzi Bankdan 340 mln. manat məbləğində borc vəsaiti cəlb edib. Fond ölkədə tüğyan edən COVID-19 virusu səbəbilə tətbiq olunan xüsusi karantin rejiminin yaratdığı çətinliklərə baxmayaraq çevik və nağdsız qaydada kompensasiyaların ödənişini uğurla yekunlaşdırmaq üzrədir.

Fondun 2020-ci ildə təqvim haqlarının azalması 4 bank üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olub. Belə ki, sözügedən bankların lisenziyası ləğv edildiyi üçün həmin banklardan təqvim haqlarının yığılması dayandırılıb, lakin 2021-ci ildən etibarən sığorta ehtiyyatlarının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondu 2021- ci ilin ilk yarım ilini artıq 49 mln. manat xalis mənfəətlə başa vurub və Mərkəzi Bankdan cəlb olunan borc vəsaitinin son 1 ay ərzində 10 mln. manatını vaxtından əvvəl geri ödəyib. Beləliklə, Fondun maliyyə dayanıqlılığında müsbət dinamika aydın şəkildə müşahidə olunur.

Bundan başqa, 2021-ci ilin ilk altı ayında Fondun kompensasiya ödənişləri qarşılığında ləğvetmə prosesində olan banklardan topladığı reqres gəlirlərində də artım müşahidə olunub ki, bu da öz növbəsində Fondun maliyyə dayanıqlılığını artırır.

Fond öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin əmanətlərini sığortalamaq və baş verə biləcək sığorta hadisəsi nəticəsində qorunan əmanətlər üzrə kompensasiya ödəməkdir. Yuxarıda da qeyd olunduğu kimi, Fond 2020-2021- ci illər ərzində 655 milyon AZN məbləğində kompensasiya ödəyibki, bu da Fondun öz nizamnaməsinə uyğun olaraq uğurlu fəaliyyətinin göstəricisidir.

Fondun məlumatına görə, qurum hal-hazırda mənfəətlə fəaliyyət göstərir, likvidlik problemi yoxdur və qanunvericiliyə uyğun olaraq Fondun likvidlik problemi yarandığı təqdirdə müvafiq qurumlardan borc vəsaiti cəlb edə bilər. Fondun mülkiyyətində hal-hazırda 460 mln. AZN məbləğində dövlət vekselləri var.

"Yekun olaraq bildirmək istəyirik ki, Fondun gələcək strateji inkişafına əsasən, vətəndaşlar və xüsusilədə əmanətçilər ƏSF-də həyata keçirilən biznes proseslərini rahat şəkildə izləmək, öz təklif və iradlarını bildirmək və eyni zamanda, maliyyə savadlılığını artırılmaq, məlumatların şəffaf və əlçatanlığını reallaşdırmaq üçün yeni layihələr planlaşdırılır", - deyə Fonddan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR