Ermənilər Azərbaycana məxsus yer adlarını hissə-hissə dəyişdiriblər -

"Ermənistanda bəzi tarixçilərin son sayıqlamalarının heç bir tarixi və faktoloji əsası yoxdur. Ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indi Ermənistan adlandırılan ərazidəki toponimlər də qondarmadır, tarixi, etno-mədəni kökləri yoxdur".

Bu açıqlamanı Metbut.az-a millət vəkili Musa Qasımlı edib. Onun sözlərinə görə, ermənilərə tarixi sübut etmək üçün çox da uzağa getmək lazım deyil. Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir.

"Yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi aşağıdakı sxem üzrə həyata keçirilib: xaricdən erməniləri gətirib yerləşdiriblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb, yaşayış yerlərindən qovaraq həmin məntəqələri ələ keçiriblər, daha sonra rəsmi qərarlarla adları dəyişdiriblər. Digər üsullardan da istifadə olunub. Yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib. XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci il 3 yanvar tarixli fərmanla 29 rayonda azərbaycanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib. 1945-ci ildən sonra da bu proses davam etdirilib.1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib".

Musa Qasımlı qeyd etdi ki, sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib.1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər, Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxmaları kifayətdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR