Bismilləhir-Rahmənir-Rahim!

Şaban ayının ən mübarək tarixlərindən biri - son İlahi hüccət, dəlil olan Həzrət Məhdinin (ə.f.) mübarək mövludu günləridir. Bu tarix - insanın qurtuluşu, oyanışı, özünəqayıdışı, nicat tapması üçün hazır olan günlərdəndir. İstər gecələri, istər gündüzləri baxımından bu mövlud günü insanın ruhi zənginliyi üçün fövqəladə imkanlar təqdim edir və mübarək İlahi ziyafət ayına doğru olan hərəkəti daha da əzmli, daha da ardıcıl edir.

Gözləntilər içərisində ən mərkəzisi

Mövludun ən əsas hədəfi, mahiyyəti, gerçək keçirilməsi ondan ibarət olar ki, insan öz daxilini mövlud sahibinin gəlişinə və onun mübarək gəlişilə dünyada yarada biləcək İlahi ədalətə uzlaşdırmalıdır, həmahəng etməlidir. İnsan səy etməlidir ki, Mövlanın (ə.f.) müntəziri olmaq mövzusu onun üçün sözgəlişi bir məsələ olmasın, növbətçi xarakter daşımasın.

İnsanın bütün həyatı, yaşayışı gözləmək içindədir. Maddi, mənəvi, yaxşı, pis gözləntiləri var insanın. İnsan daxilən bir gözlənti içindədir. Və bu gözləntilər həqiqidirsə, insanların heç biri "növbətçi gözlənti" mövqeyində durmur. İnsan nəyisə səmimi gözləyirsə, riya etmirsə, süstlük, biganəlik etmirsə - onun davranışı bu gözləntiyə uzlaşır, əməl və hərəkətləri əsas etibarilə bu gözləntiyə uyğun tənzimlənir. Onun halı, ruhiyyəsi bu gözləntiyə uyğun formalaşır.

Bu gözləntinin keyfiyyəti barədə əziz İmamımızın (ə.f) mübarək buyuruşlarına diqqət edək. İmam Məhdi (ə.f.) buyurur: "Biz sizin durumunuzu diqqətdə, nəzərdə saxlamağı əsirgəmirik. Və sizi xatırlamağı unutmamışıq ki, əgər bundan başqa cür olsa idi, müşküllər sizə üz tutardı və düşmənlər sizi yerli-dibli məhv edərdilər. Bəs İlahi təqvaya riayət ediniz və bizim müdafiəçimiz olunuz".

Əziz Mövla (ə.f) - bizlərin himayəçisidir. Bizləri öz diqqətində saxlayır, mehribançılığı ilə əhatə edir. Və əziz Mövlamız (ə.f) bizlərə öz mübarək tövsiyəsini edir ki, təqva ipindən yapışaq.

İnancı olan bir insan, həyatının müxtəlif səhnələrində olan gözləntilərlə yanaşı, bir mərkəzi gözləntiyə malikdir. O, Zəmanə Sahibi Həzrət Mehdinin (ə.f.) zühurunun olacağını bilir və bu mübarək gəlişin intizarındadır. Daima o vəziyyətə hazırdır ki, İmam (ə.f.) zühur edəcək. Nisgil və həsrət dolu nəzərlərlə gözlər müntəzir öz İmamını (ə.f.)...

Nəql edirlər ki, Sovet rejiminin ən sərt vaxtlarında belə həqiqi müntəzirlər var idi ki, bütün repressiya və sıxışdırmalara baxmayaraq, hər cümə günü İmamın (ə) gəlişi ümidi ilə hazır olardılar, ruhi hazırlıqlarını qoruyardılar. Ən ağır tarixi məqamlarda da onlar intizarda olublar, həqiqi intizarda... Və onların bərəkətindəndir ki, bu gün toplum özünə qayıda bilib, öz müsəlman kimliyini unutmayıb.

Müntəzir olmaq üçün nə etmək lazımdır?

Müntəzir olmağa iddialı insan ilk növbədə nəyə diqqət etməlidir? Öz gündəlik həyatının müntəzirlik iddasına nə dərəcədə uyğun olmasına. Müntəzirlik durumunun həyatın müxtəlif səhnələrində təzahür olunub-olunmamasına. Hər bir insan bu daxili qiymətləndirməni həyata keçirməlidir. Nə qədər yaxındır, nə qədər uyğundur, nə qədər həmahəngdir onun daxili duyğuları, vəziyyəti, ab-havası müntəzirə xas duruma? Müntəzir bu sualları özü üçün cavablandırmalıdır.
Mübarək hədisdə bir neçə incə nöqtə var. Birincisi, dövrün İmamının (ə.f.) müsəlmanların durumu, halı ilə bağlı daimi diqqəti var. Heç zaman unutmur möminləri İmam (ə.f.). Belə olmasaydı, iblisin (lən) ardıcılları öz məkr və amansızlıqları ilə təmiz insanları məhv edib, axırlarına çıxardılar.

Bəs nə vəzifə müəyyən edilir insan üçün? İlahi təqvaya riayət etmək. Allahın qoyduğu mübarək sərhədləri taınmaq və onları pozmamaq. Allahın sevdiyi işlərə meyl etmək və Allahın pislədiyi məsələlərdən çəkinmək. Varlıq olaraq insan gərək özünü o hala, o vəziyyətə gətirsin ki, hansında Uca Allah onu görmək istəyir. İnsanlığın ən optimal durumuna salsın özünü. Zəmanə Sahibinin (ə.f.) müdafiəçisi olsun. Möhkəm əqidə və yenilməz iradə sahibi olsun. Həyatın bütün səhnələrində - istər məişət səviyyəsində, istər ictimai münasibətlərdə, rəftarlarda, ünsiyyətlərdə, yanaşmalarda İlahi təqva konsepsiyasından irəli gələn davranışı rəhbər tutsun. Buna riayət edən insan, Həzrət Məhdinin (ə.f.) müdafiəçisi olar.
Digər mübarək buyuruşunda Həzrət Məhdi (ə.f.) insanın xeyrinin və zərərinin nədə olduğunu çatdırır: "Sizlərdən hər biriniz gərək o şeyə əməl etsin ki, onu bizim sevgi və məhəbbətimizə yaxınlaşdırır. Və o şeydən uzaq olsun ki, bizim xoşumuza gəlmir və bizim o şeydə qəzəbimiz var. Çünki, Allah Təala insanı birdən aparır - bir vaxtda ki, tövbənin onun üçün xeyri yoxdur və günahlarına görə bizim bizim verəcəyimiz cəzadan onun peşmançılıq çəkməsi (artıq) nicat vermir".
Sanki bir mehriban valideyn kimi insanı xəbərdar edir İmam (ə.f.). İnsan o işə dəvət edilir ki, onda Allahın Rəsulunun (ə.f.) və Əhli-beytinin (ə) razılığı var. O işlərə ki, insanı kamilliyə aparır, insanı aşağılanmağa qoymur. Lənətlik iblisin torlarına düşərək, ömrünü bihudə işlərdə puç etməyə imkan vermir.
Ciddi bir xəbərdarlıq var mübarək hədisdə. İnsan nə vaxt dünyadan getdiyini bilsə, işlərini buna uyğun tənzimləyər. Mübarək hədisdə vurğulanır ki, insan həyatla birdən vidalaşır, heç bir hazırlıq-filan görə bilmir. Və bu vida məqamından sonra heç bir peşmançılığın faydası olmayacaq. Bu zaman peşmançılıq insanın karına gəlməyəcək. Gecikmiş peşmançılığın insanın aqibətinə bir təsiri olmayacaq. İnsanın öz ruhuna vurduğu yaraların müqabilində çəkməli olduğu cəza, təmizləyici cəza qaçılmaz olacaq. Bu zaman tövbə etmək gec olacaq.
Bu baxımdan insan həyatdaykən, iradəyə malik ikən gərək Allahın bəyəndiyi əməllərə qol qoysun. O şeylərə əməl etsin ki, Allahın müxlis bəndələri olan Həzrət Peyğəmbərin (s) və Əhli-beytinin (ə) məhəbbətini qazanmış olsun.

Nəfsin paklaşdırılması

Sözügedən vəzifələr arasında ki, müntəzir olan insan öz həyati prioritetlərinə çevirməlidir, ilk yerlərdən birini qəlbin paklaşdırılması tutur. Bu əlaqədə Həzrət Peyğəmbər (s) buyurur: "Nəfsin təzkiyəsi ilə, onun (yəni, nəfsin) paklığı və səfası hasil olur". Ətrafımızda çoxlu adam var ki, qəlblərinin, ürəklərinin pak olmasından danışır. Amma, aləmlərə rəhmət olaraq göndərilən Rəsulumuz (s) qəlbi paklaşdırmağın yolunu çox gözəl şəkildə insanlara çatdırır. Əgər qəlblərimizin paklaşmasını, çirkinliklərdən təmizlənməsini istəyiriksə, gərək nəfsimizi tərbiyələndirməklə məşğul olaq. Nəfsin cilovlarını əlinə almağı bacarmayan insan, özünü çirkinliklərdən təmizləyə bilməyəcək. Hər zaman nəfs onu çirkab bataqlığına sürükləyəcək. İnsanın paklığı yalnız nəfsinin tərbiyələndirilməsi ilə əmələ gələr.
Allah Təala İslami mətnlərdə, Məsumlardan (ə) olan mübarək hədislərdə, həmçinin mübarək Qurani-Kərimin özündə də insanların ən yaxşılarını tanıtdırır. Rəbbimiz bizlərə müxətlif keyfiyyətlərinə, müxtəlif xüsusiyyətlərinə, müxtəlif hallarına görə ən gözəl Allah bəndələrini tanıtdırır. Həzrət Rəsulallahdan (s) nəql edilən bir hədisdə insanların içərisində ən gözəl Allah bəndələrini bizə belə tanıtdırılır: "Ən yaxşınız o kəsdir ki, onun müşahidəsi sizə Allahı xatırladır".
İnsan İlahi yolda sabitqədəm olanda, ona baxanlar, onu müşahidə edənlər təmizliyə, paklığa, dürüstlüyə tərəf can atacaqlar. O, insanları bu yola ilhamlandıracaq. Belə insanlar çox olduqca, toplumda dürüstlük və paklıq da artacaq. Nəticə etibarilə, toplumda inkişafa və tərəqqiyə doğru güclü passionar meyllər meydana gələcəkdir.

Xatırlamanın əməli cəhətləri

Toplumda olan insanlar bir neçə yerə bölünür. Elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq, onlarla münasibət qurmaq, onlara vaxt sərf etmək insanı Allahdan uzaqlaşdırır. İnsan getdikcə qəflətə düşür, başı dünya işlərinə, cari məsələlərə çox qarışır. İnsanlar da var ki, onlarla ünsiyyət zamanı insan Allahı xatırlayır. Belə insanlarla ünsiyyət insanı Allaha daha da yaxın edir, ona axirəti yada salır. Bunlar heç də mücərrəd mövzular deyil. Allahı xatırlatmanın əməli cəhətləri olmalıdır. Bu insanların əməli olaraq gördüyü işlər digər insanlara Allahı xatırladır. Söhbət yalnız zahiri məsələlərdən getmir. Necə ki, tüstü görəndə alov olduğu anlaşılır, eləcə də Allah bəndəsi olmağın işartıları olmalıdır. Bu işartılar əsasən gündəlik halal, dürüst, namuslu yaşamlarda öz əksinə tapır.
Digər bir yerdə Allah Rəsulu (s) başqa xüsusiyyətlərinə görə insanların ən yaxşısını tanıtdırır: "İnsanların ən yaxşısı o kəsdir ki, insanların zəhmət yükünü öz çiyinlərində daşıyır". Diqqət edəndə görürük ki, bu hədisdə əməli mövzular daha çox əks olunub. Bu buyuruşda daha çox praktiki mövzulara toxunulub.
Bu anlamda da insanlar bir neçə yerə bölünür. Elə insanlar var ki, öz yükünü, öz zəhmətini də digər insanlara yükləməyə çalışır. Elə bir insan axtarırlar ki, özlərinin yükünü onun çiyinlərinin üstünə qoysunlar. Elə insanlar var ki, yalnız öz yükü ilə, özünün və ən yaxşı halda ailəsinin qayğıları ilə məşğul olur. Elə insanlar da var ki, öz qayğıları ilə kifayətlənmir və öz yükünü də kimsənin üstünə qoymur. Əksinə, bu insan digərlərinin də zəhmətini, əziyyətini öz üzərinə çəkmək istəyir. Hədisdən anlaşılır ki, bu insanların içərisində ən yaxşısı o kəsdir ki, digərlərinin də zəhmətini öz çiyinlərinə almaq istəyir.

İctimai fəallıq motivasiyası

Təbii ki, burada sui-istifadə halları da ola bilər. Yəni, Allah bəndəsinin bu xüsusiyyətindən istifadə edib, onun çiyinlərinə digərləri də öz yüklərini yükləmək istəyə bilərlər. Amma, çalışmaq lazımdır ki, bu xüsusiyyət də Allah razılığı çərçivəsindən çıxmasın, yəni sadəlövhlüyə gətirib çıxarmasın.
Hədisdə buyurulan bu məqam həm də toplumda ictimai fəallığa gətirib çıxaran xüsusiyyətdir. Yəni, bu xüsusiyyətə malik olan insan, daim Allah bəndələrinin xidmətində olmağa çalışacaq. Deməli, söhbət ictimai fəallığın motivasiyasından gedir.
Allah razılığı üçün işlər görmək istəyəcək. Elə insanlar var ki, yalnız özünün və ailəsinin qayğıları ilə yaşayır. Bütün həyatını yalnız buna sərf edir. Əlbəttə, bu, olduqca sadə məsələdir. Amma, elə insanlar da var ki, toplumda olan digər insanların zəhmətlərinə qatlaşır. Bu isə güclü iradə tələb edən bir məsələdir. Buna nail ola bilən insan, Allah Peyğəmbərinin (s) göstərdiyi xüsusiyyəti daşıyan insandır.

Niyə qeybdədir İmam (ə.f)?

Bütün deyilənlərlə yanaşı, insan İmamın (ə.f.) qeybdə olması səbəblərini unutmamalıdır. Allah Təala nəyə görə Həzrət Mehdini (ə.f.) qeybə çəkdi? Çünki ondan qabaq olan 11 İmamın (ə) qədrini bilmədi bəşəriyyət. Hamısını şəhid etdilər. Sanki bir gəmidədir bəşəriyyət. Kapitan gəlməlidir ki, bu gəmini nicat yoluna aparsın. Amma sərnişinlər hələ o ləyaqətə çatmayıblar, hələ kapitanı qəbul etmək mərifətini əldə etməyiblər. Kapitanla rabitəni itiriblər sərnişinlər. Bütün öncəki kapitanları qoruya bilmədi sərnişinlər. Hamısını məhv etdi şər qüvvələr. İndi gəmi qalıb kapitansız, insanlar yolu tapa bilmir, ora-bura vurnuxurlar.
Ən azı sərnişinlərin bir hissəsi kapitanın qədrini bilməlidirlər ki, onun gəmiyə gəlişini hazılasınlar. İndi nə vaxt insanlar qədrini bilərlər imamət nurunun, nə vaxt dərk edərlər nə böyüklükdə neməti itirdilər - o zaman əməllərini və niyyətlərini İmamın (ə.f.) gəlişini tezləşdirmək üçün uyğunlaşdırarlar. Əməllərində, niyyətlərində, ruhiyyələrində dəyişiklik etməlidir insanlar. Dəyişiklik olacaqsa insanlarda, ümumi durum da dəyişəcək. Nəticə etibarilə, fərəci - İmamın (ə) zühurunu tezləşdirən məhz insanların əməlləridir.

Bu sırada möminlərin etdikləri dualar xüsusi yer tutur. İmam (ə.f.) buyurur: "Fərəcin təcili olması üçün çoxlu dua ediniz. Çünki, elə həmin dua etmək - sizin fərəc və açılışınızdır".

Allah bizi fərəcin intizarında olanlardan qərar versin! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az