Dövlət kirayə mənzil bazarındakı qiymətləri tənzimləyə bilərmi? -

Hazırda daxil olduqları universitetlər üzrə qeydiyyatdan keçməyə gələn tələbələri və onların valideynlərini də ən çox düşündürən məqam kirayə ev məsələsidir.

Metbuat.az xəbər verir ki, Paytaxtda kirayə mənzil bazarında yaşanan canlanmanın bir səbəbi də tələbələrin ali təhsil müəssisələrinə qayıtması olsa da, onların hamısı büdcələri daxilində mənzil tapa bilmir. NəticədəYasamal rayonu ərazisində yerləşən ali təhsil ocağında təhsil alan tələbə, kirayə mənzil üçün paytaxtdan bir qədər kənarda Abşeron və Xırdalan rayonuna üz tutmalı olur.

Bu barədə Metbuat.az-a açıqlama verən daşınmaz əmlak bazarı üzrı ekspert Elnur Fərzəliyev deyir ki, yeni binalarda 1 otaqlı mənzilin aylıq kirayə qiyməti 500 manatdan başlayır. 2 otaqlıların qiyməti 600-700, 3 otaqlıların qiyməti isə 800 manatdan başlayır və 1500 manata qədər dəyişir. Halbuki, köhnə binalarda 1 otaqlı evlərin kirayə qiyməti təxminən 300 manatdan, 2 otaqlıların 350-400 manatdan, 3 otaqlıların isə 400-600 manatdan başlayır. Ekspert qeyd etdi ki, fərdi həyət evlərində isə qiymətlər fərqlidir. Paytaxtda ümumi həyətlərdə 1 otaqlı mənzilin aylıq kirayə qiyməti 150-200 manat, şəhər ətrafında, Abşeronda isə 100-150 manat aralığında olur.


Bugün övladı ailə təhsil müəssisəsinə qəbul olan ailənin tək problemi onun üçün mənzil tapmaq deyil. Burada təhsil və dörd il ərzində qarşılanmalı olan digər xərclər də daxildir.

Bəs mənzil bazarında kirayə qiymətlərini tənzimləyən mexanizm qurula bilərmi? Ekspert bildirdi ki, kirayə verilən evlər vətəndaşların şəxsi mülkiyyəti olduğu üçün onların mənzili hansı qiymətə verməsi yalnız özlərinə məxsusdur.

“Vətəndaş istəyərsə, mənzilini pulsuz və ya baha da kirayə bazarına təklif edə bilər. Bu onun öz seçimidir. Doğrudur dövlət mənzilini kirayə verən vətəndaşlardan vergi tələb etsə də əksər hallarda vətəndaşlar bundan yayınırlar. Amma Avropa ölkələrində kirayə mənzilləri vətəndaşlara ucuz təklif edən bələdiyyələr var. Orada bu işlərə icra hakimiyyəti orqanları deyil, məhz bələdiyyələr nəzarət edirlər. Demək olar ki, bələdiyyələrin hamısının binaları var. Bu mənzillər sosial evlər adlanır. Əgər orada yaşayan vətəndaş işsizdirsə və yaxud maaşı azdırsa, aztəminatlı şəxs kimi bələdiyyəyə müraciət edir, onlar da minimal bir məbləğ qarşılığında vətəndaşı evlə təmin edir”.

Elnur Fərzəliyev bildirdi ki, imkanlar olsa da bu imkanları vətəndaşların xeyrinə çevirəcək qurumların sayı azdır.

“Bugün kirayə mənzil bazarına axışan bölgələrdə yaşayan insanların maddi durumu göz qabağındadır. Hazırda minimum- 250 manat qarşılığında çalışan çox insan var. Onların övladları üçün payaxtda ən azından bir otağlı ev kirayə etməsi üçün 300 manat tələb olunur. Belə olan halda çıxılmaz vəziyyətdə qalan valideynlərin bəzilərinin övladları hətta qəbul olduqları ali təhsil müəssisələrinə getməkdən də vaz keçirlər. Bu isə artıq başqa bir problemin başlanğıcıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR