2907 şəhidin qanı ilə əbədiləşən ŞANLI QƏLƏBƏ:

“44 günlük Vətən müharibəsində əldə edilən zəfər təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının qələbəsidir. Bu savaş haqq və hüququnu axtaran dövlətlərin mübarizə əzmini də gücləndirdi”.

Metbuat.az-a bu açıqlamanı Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz edib. General deyir ki, 1991-ci ildə çox zəif orduya malik Azərbaycanın, 30 il sonra müasir silahlarla təchiz edilmiş silahlı qüvvələri ilə torpaqlarını işğaldan azad etməsi, xalqın əzmkarlığının, dövlətin güclü Ali Baş Komandana inamının olduğuna işarədir.


“Bu qədər qısa müddətdə həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu baxımından uğurlara imza atan Azərbaycan ordusu, Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan torpaqlarını azad etdi. Tarixə qızıl hərflərlə yazılan bu tarixi gün, 10 milyonluq Azərbaycan xalqının, zəfəri əldə edən Azərbaycan Silahlı Qüvvələrinin, 83 milyonluq Anadolu türkünün bütövlükdə bütün türk dünyasının qələbəsi idi. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı dirçəldi, milli güc ünsürlərinin, silahlı qüvvələrin gücü artdı. Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Bu yolu davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. Bütün bunlar Azərbaycanın yeni ordu quruculuğunun əsasında duran mühüm məsələlərdəndir”.

Yücel Karauz qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyev də hər zaman ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və hərbçilərin xidmət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması üçün Silahlı Qüvvələrə qayğı ilə yanaşıb. Bu məqsədlə Türkiyədən, İsraildən, Belarusiyadan, Ukraynadan, Rusiyadan müasir silah və texnikalar alınaraq, standartlaşma aparılıb, köhnəlmiş sistemlərdən istifadəyə son qoyulub. Y.Karauz onu da fikirlərinə əlavə etdi ki, 21-ci əsrdə ölkənin gücünü göstərən əsas faktorlardan olan Hava Hücumundan Müdafiə Qüvvələri yenidən qurularaq, HHM sistemləri modernləşdirilib. Məhz bu addımlar sayəsində Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın güclü ordu siyahısı sırasında əllilikdə qərarlaşa bilib.


“Onu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf üçün şansdır. Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır. Bundan sonra da, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ilə hərbi təlimlərini “Tək Millət və Tək Ordu” şüarı ilə ortaq təhdidlərə qarşı birgə hərəkət edəbilmə istiqamətində davam etdirəcəkdir. Unutmayaq ki, 44 günlük zəfərin təməlini qoyan, qanları, canları ilə 30 illik işğal altında qalan torpaqları azad edən igidlərimiz daima qəlbimizdə yaşayaraq Azərbaycan xalqının və bütün türk dünyasının mübarizə əzmini gücləndirəcəkdir. Mən düşünürəm ki, şəhidlərimizin və qazilərimizin əldə etdiyi bu qələbə ilə adlarını çəkmədiyimiz günahsız körpə balaların, yaşlı cavan - kimlər ki, erməni vəhşiliyinə qurban oldular hər birinin ruhu rahatlığı artıq tapıb. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Ona görə də Türkiyə tam qəlbi və canı ilə Azərbaycanın yanındadır. Türkiyə bundan sonra da, Azərbaycanın regionda qazandığı və intibaha səbəb olan uğurlarının arxasında olacaqdır. Azadlıq toxumu əkən şəhidlərimizi Allah rəhmət etsin!”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

https://metbuat.az/news/1395826/zefer-gunu-paradi-2783-sehidin-qani-ile-tarixe-yazildi.html



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR