Bu gün Vətən müharibəsində şəhid olan Cəbrayıl Dövlətzadənin şəhadətə yüksəldiyi gündür. Cəbrayıl Dövlətzadə - indi 19 yaşlı bu qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Metbuat.az xəbər verir ki, Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb. Yeniyetmə yaşlarında həvəskar rep də oxuyub.

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda", ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Erməni generalını boğaraq öldürən cəsur ƏSGƏR