“Qəbələ” doğma meydanında məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, əyalət təmsilçisi “Qəbələ” komandası doğma meydanda “Sabah” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. Görüşün 20-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib. Qoldan 20 dəqiqə sonra Fofana Tiemoko hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 63-cü dəqiqəsində Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini topu oyuna üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. Matçdan son nöqtəni 69-cu dəqiqədə İsnik Alimi qoyub. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu oyunda komandasının təsəlli qolunu vurub – 1:3

Beləliklə, ölkə çempionatının cari mövsümündə ardıcıl ikinci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qərarlaşıb. Aktivində 15 xal olan “Qəbələ” isə üçüncü sıradakı mövqeyini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR