Əliyevin qəti mövqeyi İranın təzyiqlərini boşa çıxardı:

"Soçi görüşündə Zəngəzur dəhlizi ilə bağlı Bakının istədiyinə nail olduğu və üçtərəfli bəyanata daxil edilməyən razılaşmaların mövcudluğu aydın görünürdü".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi ekspert Asif Nərimanlı bildirib. Onun şərhinə görə, İşçi Qrupunun bu həftə keçiriləcək toplantısında razılaşmaların açıqlanacağı gözlənilir. Amma ekspert onu da xüsusilə qeyd etdi ki, Bakı, Ankara və Moskvanın layihə reallaşana qədər Paşinyanı daxili ictimai rəydə hədəf taxtasına qoymamaq üçün Zəngəzur dəhlizi ifadəsindən maksimum az istifadə edəcəyi də istisna deyil. Elə Ərdoğanın “Araz çayı boyunca...” ifadəsidən istifadə etməsi də bundan qaynaqlanır.


"Ermənistan nəzarət-buraxılış məntəqəsi qurmaq istəyir, əslində davası da bunun üzərindədir. Onu da qeyd edim ki, məsələnin bu cür qoyuluşu sərhədin hansı xəritəyə əsasən aparılacağı üzərində şifahi razılaşmanın olduğu fikrini önə çıxarır. Üçtərəfli görüşdə səslənən fikirlər yaxın vaxtlarda bununla bağlı addımların atıla biləcəyi yönündə idi. Üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır. Müəyyən qədər irəliləyişin yalnız sərhədlə bağlı olduğunu deyə bilərik".

Son bir neçə günün diqqət çəkən görüntülərindən biri olan Prezidentlərin Aşqabaq zirvəsi əsnasında çəkilən fotosu və xüsusəndə İran prezidentinin simasında əks olunan ifadəyə diqqət çəkən ekspert deyir ki, bu foto İranın reallıqla barışmaq məcburiyyətinin əksidir.

"Azərbaycana siyasi-hərbi təzyiqlər nəticə vermədi. Yeni şərtləri yaxşı görən İlham Əliyev sona qədər gedərək, 44 günlük müharibədən sonra İranın Cənubi Qafqaza girişi böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşdü. Onu da qeyd edim ki, Zəngəzur dəhlizinin açılmasından sonra bu asılılıq daha da artacaq. Cənubi Qafqazda bu reallığa qarşı Ermənistan üzərindən müdaxilə cəhdləri baş tutmadı. İran qapısını döydüyü Moskvadan da əliboş qayıtdı. Ərdoğan və Putinin Soçi görüşündə (29 sentyabr) Cənubi Qafqazla yanaşı, Suriyada da birgə hərəkət etmək üzərində razılıq əldə olundu. Bu da Tehranın Suriya üzərindən manevr imkanlarını daraldır".

Asif Nərimanlı bildirdi ki, sərhədlərindəki Taliban Əfqanıstanına Pakistanın təsir gücü Tehranı İslamabadla münasibətləri isti saxlamağa vadar edir. Ona görə də, Rəisi Əliyev, Ərdoğan və Alvinin – Avropadan Asiyaya qədər uzanan coğrafiyada yeni gücə çevrilən ittifaqın masasında gülə bilməsə də əyləşməyə məcburdur.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR