Zəfər paradından 1 il ötür

Bu gün Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür.

Metbuat.az məlumat verir ki 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış ediblər.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki verərək ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da bəyanat imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR