Fransalı futbolçu: "Qarabağ"a qarşı bütün mümkün təxribatların qarşısı alınacaq"

"Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Fransa çempionatı çox güclüdür. Bu görüş "Qarabağ" üçün yaxşı təcrübə olacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Səbail"in fransalı futbolçusu Nikolas Raysel "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində ölkəsinin "Marsel" klubuna rəqib olması barədə danışarkən deyib.

28 yaşlı hücumçu həmyerlilərini hər iki qarşılaşmada favorit hesab etdiyini bildirib: "Qarabağ" cütün autsayderidir. Buna baxmayaraq, komanda oyunlara 200 faiz köklənəcək. Demirəm, şansları yoxdur. Amma çox çətin olacaq. Futbolda hər şey mümkündür. Görək, komandalar necə oyun göstərəcəklər? İstənilən halda, "Qarabağ" üçün əla təcrübə olacaq".

Forvard "Qarabağ"ın yaxşı komanda olduğunu söyləyib: "Onlar cari mövsüm avrokuboklarda sərgilədikləri oyunla hər bir komandaya qarşı mübarizə aparmaq gücündə olduqlarını təsdiqləyiblər. Gəlin, gözləyək. Burada "Marsel"in Konfrans Liqasında oynamaq istəyi də rol oynayacaq. Görək, komanda meydana qələbə üçün çıxacaq, yoxsa az oynayan futbolçularına şans verəcək. Fikrimcə, gənc oyunçuları da kifayət qədər keyfiyyətlidir".

Rayselin sözlərinə görə, pley-off matçları üçün Ağdam təmsilçisinə hər hansı məsləhət vermək lazım deyil: "Komandalar 2 dəfə qarşılaşacaqlar. "Qarabağ" ilk növbədə, oyundan zövq almalı, yaxşı təşkilatlanmalı və uğurlu nəticəyə inanmalıdır. "Qarabağ" keyfiyyətli komandadır və heyətində yaxşı oynayan futbolçular var".

Futbolçu "Qarabağ"ın Fransada mümkün erməni təxribatı ilə üzləşə biləcəyi məsələsinə toxunub: "Mən həqiqətən nə deyəcəyimi bilmirəm. İnanıram ki, Fransa Futbol Federasiyası bütün mümkün təxribatların qarşısını almaq üçün hər şeyi edəcək. Orada hansısa insidentin baş verməsi yaxşı olmazdı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR