Nazir bahalaşmadan DANIŞDI:

"Qiymətlərin artımına səbəb olacaq bir çox pro­seslər mövcuddur və bu proseslə­rin dinamikası, təəssüf ki, getdikcə daha da artır".

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyya­tının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir:

“Son illərdə dünyada istisna­sız olaraq bütün ərzaq məhsulları­nın qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşki­latının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olu­nan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox pro­seslər mövcuddur və bu proseslə­rin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiy­mət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin art­masıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarın­da qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaş­dırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məh­sulların satış qiymətlərində özü­nü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başla­yıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsu­lun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.

Nazirin sözlərinə görə, 2021-ci ilin 9 ayı üzrə idxal qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 21,5 % artıb:

“Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün məmulatları və onun əvəzediciləri üzrə idxal qiymətləri indeksi isə 25,1 % yük­səlib. Qiymətləndirmələrə əsasən, cari ilin yanvar-oktyabr aylarında infl­­yasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 % təşkil edib ki, bu da əsasən ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin 6,7 % təşkil etməsi hesabına for­malaşıb. Beləliklə, daxili bazarda isteh­lak qiymətləri indeksinə obyektiv təzyiq mövcuddur. Bu, sərbəst qiymətlərlə formalaşan bir bazar­dır və bu prosesə dövlətin inzibati müdaxilə imkanları məhduddur. Dövlət tənzimlənən qiymətlərin də­yişməsi zamanı rəqabət mühitinin pozulması hallarını aşkar edir və qarşısını ala bilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR