Qarabağ Dirçəliş Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçiriləcək

Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Metbuat.az xəbər verir ki, 26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un Baş sponsorluğu ilə xeyriyyə konserti baş tutacaq.

Konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Samir Cəfərov, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, Muğam Televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.

Bədii hissədən dərhal sonra Filarmoniyanın yay zalında (açıq hava) rəsmi ziyafət baş tutacaqdır.

Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür. (Bilet əldə etmək üçün linkə keçid et: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert)

Konsertdən əldə edilən vəsaitlər işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcəkdir.

Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.

Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad olunan ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaq kimi mühüm bir missiyaya xidmət edəcək konsertə bilet əldə etməyə dəvət edirik.

Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Qarabağı BİRLİKDƏ daha gözəl bərpa edəcəyik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR