Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları üzrə şirkəti “Neuron Technologies” ilə Sinqapurun “Kenetics Innovations” şirkəti arasında razılaşma əldə olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, razılaşmaya əsasən, yaxın aylarda Sinqapurun mütərəqqi texnologiyalarının ölkəmizdə tətbiqi üzrə fəaliyyətə başlanılacaq. Bu barədə Azərbaycan-Sinqapur biznes forumu çərçivəsində “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərovun “Kenetics Innovations” şirkətinin icraçı direktoru Ken Vong ilə görüşündə danışılıb.
“Kenetics İnnovations” şirkəti hazırda Sinqapurda yol hərəkəti təhlükəsizliyi, nəqliyyat nəzarət sistemləri, ödəmə sistemləri, kənd təsərrüfatı və ekologiya sahələrində innovativ həllərin təqdim edilməsi üzrə ən böyük şirkətdir. Şirkətin məhsulu olan müxtəlif həllərdən Sinqapurda hər gün milyonlarla insan yararlanır.