İsti hava şəraitində günvurmadan necə qorunaq? -

Son günlər dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da olduqca isti hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

İsti hava şəraiti əlaqədar günvurma hallarının da sayı artıb. TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib.

Onlardan 13 nəfəri hospitalizasiya edilib, 3 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 13-ü böyük, 3-ü uşaq olub.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev saytımıza bildirdi ki, kəskin günvurma halları müşahidə edilərsə, bu zaman həkimə müraciət etmək mütləqdir:

"Günvurma əsas 3 dərəcədə olur. Birinci dərəcədə xəstələr yüngül bulantı, başağrısı, halsızlıq hiss edirlər. İkinci dərəcədə isə bu şikayətlər kəskin olur, qusma halları baş verir. Üçüncü dərəcədə isə xəstə artıq koma vəziyyətinə düşə, hətta tənəffüsü dayana bilər.

Əgər birinci dərəcədə əlamətlər varsa, xəsarət alan şəxs özü kölgəli yerə keçməli, sərin maye qəbul etməlidir. Ağrılar varsa, bunun üçün ağrıkəsicilər qəbul edə bilər. Artıq ikinci və üçüncü dərəcədə isə xəstəyə ilk tibbi yardım kənardakı şəxslər tərəfindən olmalıdır. Yuxarıda sadaladığımız qaydalar təkrarlanmalı, mümkünsə, xəstəni arxası üstə uzadaraq başını yuxarı qaldırmaq lazımdır. Xüsusən də günəşin çox təsir etdiyi yerlərə - baş, ayaq, əllərə soyuq su ilə kompres qoyulmalıdır. Əgər xəstənin şüuru qapalıdırsa, bu zaman həkimə müraciət etmək mütləqdir".

Zakir Quliyev

Günvurmadan qorunma üsullarına gəlincə:

"Günvurmadan qorunmaq üçün əsasən səhər saat 10-dan axşam saat 6 radələrinə qədər mümkün qədər günəşə çıxmamaq tövsiyə edilir. Bu saatda çöldə olduğunuz təqdirdə isə mümkün qədər açıq rəngli paltarlara üstünlük vermək, bol maye qəbul etmək, gün eynəklərindən, papaqlardan istifadə etmək məsləhətlidir. Son olaraq, gün olan yerlərdə çox qalmamaq tövsiyə edilir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR