Nadir şah Əfşar tərəfindən tikildi, rus qoşunlarının işğalına şahidlik etdi -

Lənkəran şəhərinin simvolu olan qədim tarixi abidə – “Dairəvi qala” məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb...

Mədəniyyət Nazirliyinin balansında olan, yerli əhəmiyyətli tarixi abidə - “Dairəvi qala” (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilib. Qalanın peyki, oxşarı olan ikinci tikili “Mayak”dır. El arasında deyilir ki, “Zindan Qala” kimi tanınan “Dairəvi Qala” 1747-1786-cı illərdə Nadir şah Əfşarın göstərişi ilə avropalı mühəndislər və Təbriz ustalarının əməyi nəticəsində inşa olunub. Hətta yerli sakinlər deyir ki, İosif Stalin də həbsinin bir müddətini bu qalada çəkib. “Dairəvi Qala” 1869-cu ilə kimi bölgədə baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb, dustaqlar buraya “Zindan” ilə “Mayak” arasında olan gizli yeraltı yol ilə gətirilirmiş.Hazırda bu yol su ilə dolduğu üçün istifadəyə yararsız olub.


Qalanın dam hissəsi tamamilə yararsız haldadır

Məsələ ondadır ki, uzun illərdir təmirə ehtiyacı olan bu qala dağılmaq təhlükəsi altındadır. Keçmişin izlərini divarlarında yaşadan bu abidə barədə danışan tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirdi ki, qalanın müstəqillik illərində təmiri və bərpası işləri ilə bağlı müəyyən addımlar atılsa da, görünür, bu addımlar yetərli olmamışdır.

Elnur Kəlbizadə

“Hazırkı dövrdə təbii amillərin təsiri altında “Dairəvi Qala”da ciddi dağılmaq təhlükəsi yaşayır. Zamanla qalanın qorunması ilə bağlı müəyyən addımların atılmaması təbii amillərin təsirini daha da gücləndirib. Çox yaxşı olardı ki, Azərbaycanın yadelli işğalçılara qarşı mübarizəsinin izlərini özündə yaşadan bu tarixi abidə bərpa olunsun. Qala bərpa olunduqdan sonra “Dairəvi Qala”da zindanda saxlanılmış şəxslərin haqqında məlumatların əks olunduğu məlumat guşələri hazırlana bilər.Buranın müasir tipli muzey kompleksinə çevrilməsi mümkündür. Bu isə bölgəyə gələn turistlərin diqqətini cəlb edə bilər. Bu muzey keçmişdə Sovet İttifaqının tərkibinə daxil olan, eləcə də dünyanın digər ölkələrində yaşayıb İ.Stalinin şəxsiyyəti ilə maraqlanan, Sovetlərə qarşı azərbaycanlıların mübarizə tarixini öyrənmək istəyən tədqiqatçıların, tarixi turizmlə maraqlanan şəxslərin diqqətini cəlb edəcəkdir. "Dairəvi Qala” bərpa edilərsə bölgədəki əhəmiyyətli muzeylərdən biri kimi fəaliyyət göstərə bilər. Bu tariximizin tanıdılması istiqamətində əhəmiyyətli addım deməkdir. Digər tərəfdən isə dağılmaqda olan bu kompleksdə restavrasiya işləri aparılmaqla gəlir də qazanmaq mümkündür”.


Müsahibimiz deyir ki, turizmin mühüm cəhətlərindən biri də, var olan abidələrin maraqlı hekayələrinin olmalarındadır. Belə olan zaman turistlər də həmin ərazilərə səyahət etməyi daha çox sevirlər.

“Ayrı-ayrı ölkələrdə turizmi inkişaf etdirmək üçün turistlərin cəlb olunması nəzərdə tutulan tarixi abidələrlə bağlı müəyyən hekayələr formalaşdırılır. Bu zaman xalq yaddaşında olan müəyyən məlumatlar toplanır və bu hekayələr vasitəsilə turistlərə ölkə də cəlbedici görünür. Amma Lənkərandakı “Dairəvi Qala” ilə bağlı belə hekayələrin formalaşdırılmasına ehtiyac yoxdur. Çünki bu qalada vaxtilə zindanda saxlanılan şəxslərlə bağlı kifayət qədər çoxsaylı cəlbedici məlumatlar vardır. Bunlar da turistlər üçün olduqca maraqlıdır”.

Qalada bərpa-quruculuq işlərinə başlanılması ilə bağlı sorğumuza cavab olaraq Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, onlar tərəfindən “Dairəvi qala”nın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.


Mövzu barədə Metbuat.az-a açıqlama verən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd etdi ki, abidənin bərpa olunması üçün müvafiq proseduralar davam etdirilir.

Nuridə Allahyarova

“Lənkəran şəhərində yerləşən Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa edilib. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib. Hazırda Dairəvi qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Tarixi abidənin layihə smeta sənədləri hazırlanıb və bərpa edilməsi üçün investisiya planına daxil edilib”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR