Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Onlar səfirliyin binasına daxil olaraq, eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

Metbuat.az xəbər verir ki, hücuma görə məsuliyyəti Londonda mənzillənən "The Mahdi Servants Union" (Mehdinin qulluqçuları) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Bu barədə qrupun sözçüsü özünün "Twitter" səhifəsində yazıb.

Avropada qurulan radikal dini təşkilat:

Metbuat.az onlar haqqında olan detalları təqdim edir:

Əvvəl “Khodam Al Mehdi Organization”, daha sonra "The Mahdi Servants Union" adlandırılan təşkilat 23 fevral 2010-cu ildə təsis edilib. 21 iyul 2010-cu ildə İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən xeyriyyə təşkilatı kimi qeydiyyata alınıb . Bu təşkilat dörd nəfər - Adel Salah, Ali Şubber, Mohamed Salah və Yassir Fowjian tərəfindən idarə olunur və onların hamısı Britaniya vətəndaşlarıdır.

Avropada qurulan radikal dini təşkilat:

Yaser Əl-Həbib

Qrupun lideri Yaser Əl-Həbib Küveyt spektrinin “radikal sağ cinahında” sayılır. O, İran İslam Respublikası Hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xameneinin dini etimadnaməsini şübhə altına alır. Yasir əl-Həbib əslən Küveytdəndir və Londonda yaşayır. O, 1979-cu il təvəllüdlüdür. Əl-Həbib dini fəaliyyətə Küveytdə “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” adlı dini təşkilat yaradıb. Sünni məzhəbinə nifrət aşılayan Yasir əl-Həbib radikal baxışlarına görə həbs olunub.

Yaser 2004-cü ildə əfv olunaraq azadlığa buraxılıb. Yenidən həbs təhlükəsi ilə üzləşən radikal din xadimi Küveytdən qaçaraq, İraq və İranda gizlənib, daha sonra Londona üz tutub. Təşkilat özünü şiə təriqətinə aid hesab edir. Mətbuatda "London şiələri" adlandırılan qruplaşma İrandakı dini rejimə qarşı mübarizə apardığını gizlətmir. İslamın sünni məzhəbinə qarşı radikal mövqedə olan qrup bir sıra telekanallara sahibdir.

Avropada qurulan radikal dini təşkilat:

Sadiq əl-Şirazi

Qrupun təsdiq etdiyi azsaylı şiə fiqurları arasında Sadiq əl-Şirazi də var. O, Avropada "əl-Şirazi" şəbəkəsinin (şiraziyyin) tərəfdarı sayılır. Qrupun üzvləri sünnilərin əleyhinədirlər. Onlar öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır, həmçinin Ömər və Peyğəmbərin səhabəsi və arvadı olan Aişəni təhqir etməyi müdafiə edir.

2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü şiə qruplarının liderlərindən olan Hüseyn Əl- Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz etsələr də, qısa müddət sonra polis tərəfindən həbs ediliblər.

Məsələ burasındadır ki, “Khoddam Al Mehdi” qruplaşmasının üzvləri İranda (guya) “Vilayəti-Fəqih”in əleyhdarlarından biri kimi tanınan böyük ayətullah Sadiq Şirazinin ardıcıllarıdır.

“Khoddam Al Mehdi” təşkilatının Böyük Britaniyada LTD (MMC) kimi qeydiyyatdan keçib. Əlavə edək ki, Qrup üzvləri və MMC-nin rəhbərləri fəal bizneslə də məşğul olurlar. “Fədək” (Fadak Satellite Channel) adlı telekanalları, market və restoran şəbəkələri var.

Qrup büdcəsi 15 milyon dollar olan “Cənnət xanımı” (2021) bədii filminin istehsalının maddi tərəfinin arxasında olub. 43 yaşlı Yaser əl-Həbib iyun ayında onun "Cənnətin xanımı" filminin müsəlman icmasının etirazlarından sonra Böyük Britaniyanın iki kinoteatr şəbəkəsi tərəfindən ləğv edilməsi ilə gündəmə gəlmişdi.

Avropada qurulan radikal dini təşkilat:

“Cənnət xanımı” filminə etirazdan kadr

Şiə müsəlman təbliğatçısı olan əl-Həbib müntəzəm olaraq sosial şəbəkələrdə sünni müsəlmanlar tərəfindən ucaldılan İslam xadimlərini tənqid edərək onları Məhəmməd Peyğəmbərdən sonra İslamı ələ keçirmək üçün “sui-qəsd təşkil edən” “günahkarlar” olmaqda ittiham edir.

Gülbəniz Hüseynli / Metbuat.az