Baş Prokurorluq xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirir - FOTOLAR

Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL) proqramının formatına uyğun olaraq Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin nümayəndəsinin ölkəmizin hüquq sistemi ilə tanışlıq səfərinin ardınca, cari ilin iyul ayında qarşılıqlı olaraq Azərbaycan Prokurorluğu nümayəndəsinin də Litva Respublikasının tərəfdaş ölkəyə analoji təcrübə səfəri baş tutub.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, beş günlük təcrübə mübadiləsində iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva Litva Respublikasının Xüsusi İstintaq Xidməti, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi yanında Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti, Kriminal Polis Bürosu və digər dövlət orqanlarının müsbət təcrübələrini öyrənib.

Eləcə də, cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizənin mühüm əhəmiyyəti nəzərə alınmaqla, təlim proqramında bu sahədə aparılmış son institsuonal dəyişikliklərə də xüsusi yer verilmiş, bu məqsədlə əməkdaşımız 2021-ci ildə yaradılmış Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Mərkəzinin fəaliyyəti ilə yerində tanış edilib.

Litva Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı və kommersiya bankları tərəfindən birgə təsis edilmiş sözügedən Mərkəz çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində dövlət və özəl sektorun səylərini birləşdirməklə, bu sahədə mərkəzləşdirilmiş informasiya mübadiləsi platforması rolunu oynamaqdadır.

Proqram çərçivəsində nümayəndəmizə qeyd edilən qurumların təcrübəli mütəxəssisləri tərəfindən korrupsiya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə, bu qəbildən olan cinayət növləri üzrə ilkin araşdırma və istintaqın aparılmasının müasir metodları, əmlakın bərpası fəaliyyəti ilə əlaqədar tətbiq edilən yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq əlaqələri, habelə tərəfdaş ölkənin qanunvericilik sisteminin yenilikləri barədə geniş təqdimatlar edilmiş, səlahiyyətli dövlət təsisatlarının elmi-texniki imkanaları əyani formada nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR