Laçını tərk edən ermənilərin SON OYUNU:

30 il öncə böyük vədlərlə Laçına köçən ermənilər indi gəldikləri kimi geri qayıdırlar. Müxtəlif mənbələrdən əldə olunan məlumatlara əsasən onlar yaşadıqları evləri dağıdaraq kəndi tərk edirlər. Tarixi torpaqlarından çıxarıldığını deyən ermənilər hətta öz arxivlərini də yandıraraq barbarlıq edirlər.

Politoloq Yeganə Hacıyeva deyir ki, 30 il öncə Laçına köçən ermənilər əsasən Yaxın Şərq, Livan ərazisində doğulanlar olub. Müsahibimiz bildirdi ki, hətta BMT-nin bu işlərlə məşqul olan qurumları iki dəfə Laçına səfər edərək orada yaşayan ermənilərin kimliyi ilə maraqlansa da bəlli olub ki, Kəlbəcər, Laçın ətrafında yaşayan ermənilərin heç bir legitim sənədi yoxdur.

Yeganə Hacıyeva

“2016-18-ci ildə Azərbaycanın təkidi ilə BMT Qaçqınlar Agentliyi , BMT Qaçqınlar üzrə Ali kommissarlığı Laçına təşkil etdiyi səfərlər zamanı orda Yaxın Şərqdən, Suriya və Livandan köçürülmüş ailələri müəyyən etmişdir. Bu ailələr Yaxın Şərqdə silah alverçisi, əslən Livandan olan Kanada vətəndaşı erməni milyaderlər Nubar Afoyan və beynəlxalq humanitar donorların Suriya və digər Yaxın Şərq müharibələrində qeyri-müsəlman əhalinin müdafiəsi üçün nəzərdə tutulan maliyyənin hesabına Laçına köçürülmüşdülər. Bu ermənilərin beynəlxalq humanitar donorların vəsaitini öz işğal faktlarını möhkəmləndirmək üçün istifadəsinin bir neçə epozodundan biri idi. İşğal dövründə ən çox erməni ailə köçürülmüş kəndlərdən biri də Laçının Zabux kəndidir. Ümumiyyətlə Qarabağda yaşayan ermənilərin orada yaşamasını sübut edən sənədlər olmalıdır. Əks halda hamısı o torpaqlardan köçürüləcəklər”.

Zabuxda arxivlər yandırılır

Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbini “qanunsuz” adlandırmışdı. Amma bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Laçın dəhlizinə alternativ yol tikildikdən sonra keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələri, o cümlədən hazırda ermənilərin məskunlaşdığı Laçın və Zabux kəndləri Azərbaycana təhvil veriləcək.

Ermənistan məğlubiyyətini qəbul edir:

“2020-ci il 9 noyabr üçtərəfli bəyanata əsasən, 3 il ərzində tərəflərin razılığı əsasında Laçın dəhlizi marşrutunun dəyişməsi nəzərdə tutulur. Bu məsələ üzrə ilkin razılaşma mövcuddur və dəyişikliyin məqsədi Dağlıq Qarabağ və Ermənistan üçün daha etibarlı və daha keyfiyyətli yol əlaqəsi təmin etməkdir. Və bizim müzakirələrimiz orada rusiyalı həmkarlarımızladır, çünki, bildiyiniz kimi, üçtərəfli bəyanata əsasən, dəhliz bütövlüklə Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır”, - o bildirib.

Üçtərəfli Bəyanatdan bir nüsxə

Qeyd edək ki, Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur. Dəhlizə alternativ yol tikildikdən sonra Ermənistandan Qarabağa gediş-gəlişin yeni yolla transferi tərəflər arasında razılaşdırılıb. Bundan sonra Laçın şəhəri də daxil olmaqla ətraf ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR