Bakının bu prospektində təmir əsasən gecə və həftəsonu icra olunacaq -

Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinə qədər olan hissəsində başlamış təmir işləri əsasən gecə və həftəsonları icra olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında davam etdirilərək qısa müddətdə yekunlaşdırılacaq. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda iki növbəli iş qrafiki tətbiq ediləcək.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri icra olunur. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Ümumilikdə təmir işlərinin icra olunduğu hissəinin uzunluğu təqribən 560 metr, sahəsi isə 20 min kvadratmetrə yaxındır.

Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başlanılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılacaq.

Aparılan təmir işləri bitəndən sonra yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Ötən il “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR