“Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarından çıxış edən Ermənistan yeganə çıxış yolu olan sülh müqaviləsinin imzalanmasından boyun qaçırmaqla bərabər süni əngəllər törətsə də, qüdrətli və rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlara layiqli cavab verilmişdir.

Cavid Osmanov
“Biz bir daha gördük ki, Ermənistanda revanşizm siyasəti və Azərbaycanafobiya meyilləri daha da inkişaf etməkdədir. 44 günlük Vətən müharibəsindən sonra, Ermənistan bir sıra dövlətlərlə - Rusiya, ABŞ, Avropa ölkələri ilə əməkdaşlığını inkişaf etdirərək özünə silah tədarükü görməyə başladı. Məhz 12 sentyabrda Azərbaycan-Ermənistan sərhədində erməni silahlı birləşmələri tərəfindən törədilən hadisələr düşmənin revanşist siyasətinin təzahürü idi. Ermənistanın sərhəddə təxribat cəhdləri düşmənin Vətən müharibəsindəki dərsi unutduğuna dəlalət edir. Lakin unudurlar ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat cəhdlərinin qarşısını almağa hər an hazırdır”.
C.Osmanov vurğulayıb ki, baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır:
“Eyni ssenari təkrarlanır. Xüsusi vurğulamalıyam ki, Azərbaycan tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra irəli sürdüyü bütün sülh təşəbbüsləri Ermənistan tərəfindən sabotaj edilirdi və onlara əməl etməkdən boyun qaçırırlar. İstər kommunikasiyaların açılması, istər sülh müqaviləsinin imzalanması, istərsə də münasibətlərin normallaşması istiqamətində irəli sürülən bütün təşəbbüsləri Ermənistan tərəfindən törədilən süni əngəllər nəticəsində fərqli istiqamətə yönəldi. Biz o vaxt olduğu kimi, yenə də düşmənin sabotaj cəhdini qətiyyətlə almışdıq. Əsas fərq ondan ibarət idi ki, o zaman torpaqlarımız işğal altında idi. İndi isə biz tarixi ərazilərimizi azad etmişik. Ermənistan təkcə döyüş meydanında deyil, eyni zamanda hərbi təxribatlar başlanan andan müxtəlif dezinformasiyalar yaymaqla heç bir fakta söykənməyən yalan məlumatları dünyaya tirajlamağa başladı. Onlar müxtəlif platformalarda Azərbaycanın artan nüfuzuna beynəlxalq aləmdə zərbə vurmağa çalışırdılar. Amma buna nail ola bilmirlər. Çünki, Azərbaycan ədalətli tərəf olaraq öz torpaqlarını işğaldan azad edibdir”.
Deputat bildirib ki, Ermənistanın təxribatlarının davamlı olmasının səbəbi bu günə qədər cəzasız qalmalarındadır:
“Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təsir edilməyib. Hər hansı bir sanksiyaya məruz qalmayıb. Ona görə də Ermənistan təxribatlarını, mina terrorunu davam etdirir. Ermənistanın istənilən təxribatının qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq.“Dəmir yumruq” yerindədir, daha da güclüdür, daha da qətiyyətlidir. Ermənistanın artıq yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırıb adekvat addımlar atmaqdır. Əks halda Ermənistan üçün daha acı nəticələr baş verə bilər”.
Millət vəkili Azər Badamov Metbuat.az-a bildirdi ki, Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr gecəsi ermənilər tərəfindən törədilən təxribatın məqsədləri genişdir:

Azər Badamov
“Onlardan biri də odur ki, regionda Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş nəqliyyat dəhlizlərinin açılmasına mane olsun. Bu gün Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edən layihəyə çevrilir. Bilirik ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud nəqliyyat-logistik imkanlarında məhdudiyyətlər yaradıb. Burada ən səmərəli, əhəmiyyətli dəhliz Zəngəzur dəhlizidir. Müəyyən dairələr yeni təxribatlar törətməklə regionda sabitliyi pozmağa maraqlıdırlar. Onların məqsədi regionun gələcəyini müəyyənləşdirən iqtisadi gəlirliliyi təmin edəcək layihələrin açılışını ləngitməkdir. Ancaq bu mümkün olmayacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tam qalibiyyət əldə edib. Ermənistan 10 noyabrda kapitulyasiyaya imza atıb və öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasıdır. Bütün bu şərtlər və prinsiplər beynəlxalq normalara uyğundur və bu normaların alternativi yoxdur. Təxribatların qarşısı Azərbaycanın müzəffər ordusu tərəfindən çox ciddi şəkildə alınır, düşmən ağır itkilərə məruz qalıb. Düşünürəm ki, ermənilərin bu dəfə başına dəyən yumruğumuz daha da güclü olacaq”.
44 günlük müqəddəs müharibənin misilsiz hərbi-siyasi nəticələri ortada olduğunu deyən Milli Məclisin komitə sədri Zahid Oruc Metbuat.az-a bildirdi ki, sentyabrın 12-də gecə başlanan hərbi toqquşma 2020-ci ilin müharibəsinin davamıdır.

Zahid Oruc
“Sentyabrın 12-də baş verən hadisələr zəfərimizi daha da möhkəmləndirərək hələ də “26 sentyabr beyni” ilə düşünən dünya ermənilərinin əndazəsiz iddialarına çərçivə çəkib, öz qanları ilə sərhəddi xətləyən və nişanlayan, vətənin hüdudlarını dünyaya və düşmənə göstərən hadisə oldu. Məğlublara son döyüşlərsiz Qələbəmizi tanıtdırmaq çətin olardı. Halbuki dünya dövlətləri, “Böyük qayıdış”da iştirak edən kompaniyalar və milyardlarla dünya insanı 8 noyabr Zəfərinin legitimliyini qəbul edirlər. Silahlı Qüvvələr və qazanılan hər qarşı torpaq, yüksəklik danışıqlarda Ali Baş Komandanın şərtlərini və diqtəsini gücləndirir. Dünyanın yenidən bölgüsü və sağ qalma savaşı bizi tələsdirir. Ona görə də bufer zona Göyçədən Zəngəzuradək əraziləri əhatə edərək hər hansı işğalçılıq planını nəzərdə tutmur, daha çox Ermənistanı regionda özü boyda bufer əraziyə çevirməyi hədəfləyir. Nəticədə, indi dəyişən hərbi-siyasi reallıqda Bakı-İrəvan-Ankara üçlüyü iqtisadi-siyasi, ticarət və digər sahələrdə təhlükəsiz zona qura biləcəklər”.
Zahid Oruc xatırlatdı ki, Qarabağ müharibəsi bitib, indi Ermənistan içərisində Qarabağ başlayıb.
“Qarabağ müharibəsi son çatıb, Ermənistan-Azərbaycan savaşını da başa vurmaq üçün son əməliyyatların insan və texnika itkilərindən, eləcə də sərhədyanı evlərdə atəş səslərini eşidərək İrəvana axışan minlərlə insanın-erməni xalqının “sentyabr sindromu”ndan qurtulması üçün əbədi düşmənçiliyə son qoymalıdılar. Çünki son yüksəkliklər təkcə Xankəndinə deyil, İrəvana gedən yolları görməyə imkan verir”.
Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
