Sentyabrın 20-də Azərbaycan tərəfi daha 95 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Bundan əvvəl də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyası sentyabrın 17-də daha 32 hərbçinin meyitini qarşı tərəfə qaytarmışdı. Beləliklə, son təxribatlardan sonra Azərbaycan Ermənistana 127 meyit təhvil verib.
Metbuat.az "Nyus.am"a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, Paşinyanın açıqladığı siyahıya geri qaytarılan erməni cəsədləri də daxildir.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sonuncu dəfə bildirdi ki, erməni tərəfdən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 nəfərin əsir düşdüyü bildirilib.
Məlumat üçün xatırladaq ki, sonuncu döyüşlərdə Azərbaycan tərəfdən 80 hərbçi şəhid olub, 281 nəfər yaralanıb.