“Qalib dövlət Azərbaycan Cənubi Qafqazın ulduzudur” -

“Torpağı qanla sulasan Vətən olar, su ilə sulasan palçıq. Bir torpağın Vətən olması üçün şəhidlərin qanı o torpağa qarışmalıdır. Bu gün, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfərə gedən yolun başlandığı həmin gündür”.

Bu fikirləri Metbuat.az-a Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılan Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirib. Səfir deyir ki, məhz bu tarixdən Ermənistan ordusu diz çökərək, 44 günlük savaşdan darmadağın vəziyyətdə canlarını qurtarıb qaçdılar.

Hulusi Kılıç

“27 sentyabr mənim üçün olduqca vacib, tarixi bir gündür. Bu gün 30 illik işğal dövrününün bitdiyi günün başlanğıcıdır. Məhz bu tarixdən Ali Baş Komandan İlham Əliyev dünyaya üstün komandir, üstün lider olduğunu qəbul etdirdi. 27 sentyabr cənab Prezident İlham Əliyevin siyasi gücünün, xalqın içindəki sevgisinin, media gücünün aydın görünməyə başladığı tarixdir. Xalq birlik olub Prezidentinin ətrafında sıx birləşərək, müasir ordunun gücü ilə atəşkəs rejimini dəfələrlə pozan, mülki əhalini atəşə tutan Ermənistana layiqli cavab verdi. Azərbaycan ordusu Qafqazda ən güclü ordulardan olduğunu sübut etdi. Şəhidlərin bizə hədiyyə etdiyi bu Vətən uğrunda savaş dastanı məktəblərdə uşaqlara ayrıca bir dərs kimi keçirilməlidir. Hətta 44 günlük müharibədə Azərbaycan ordusunun göstərmiş olduğu şücaət başqa dövlətlərin də diqqət mərkəzinə yüksəldi. Xüsusilə qələbənin nəticəsində Qarabağın incisi, sevgilisi Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bu bənzərsiz bir hadisə idi”.

Bütün dünyanın diqqətini özünə cəlb edən İkinci Qarabağ savaşı həm də Türkiyə-Azərbaycan həmrəylik və qardaşlıq yolunun zirvəyə doğru yüksəldiyinin başlandığı tarixi gün olduğunu vurğulayan Hulusi Kılıç xatırlatdı ki, Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Xarici İşlər və Müdafiə Nazirliyinin səviyyəsində göstərdikləri dəstək nə qədər güc birliyi nümayiş etdirdiyimizi dünyaya sübut etdi.

Solda sabiq səfir Hulusi Kılıç, yanında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev

“15 iyun 2021-ci ildə iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ilə bu qardaşlıq əlaqələri daha da güclənərək müttəfiqlik səviyyəsinə yüksəldi. Şuşa Bəyannaməsindən sonra Azərbaycanla Türkiyə ordusu arasında əməkdaşlıq daha da sıxlaşıb. Azərbaycan ordusunda yeni Komandan birlikləri yaradılıb. Eyni zamanda mətbuat sahəsində əlaqələr genişləndirilib. Bu Bəyannamənin şərtlərinə əsasən, bir ölkəyə edilmiş olan hücum digərinə edilmiş sayılacaqdır. Qalib dövlət olan Azərbaycan, bu zəfər yolunda üç minə yaxın şəhid verdi. 30 ildir həsrətində olduğu torpaqlara qovuşan Azərbaycan, Türk dünyasına da sevinc və qürur bəxş etdi. Müharibədən sonra Cənubi Qafqazda yeni həyat başladı. Azərbaycan artıq qalib ölkə olaraq özünü daha güclü, çiyinlərini dik hiss edir. Azərbaycanın qazanmış olduğu bu zəfər türk dünyasının qələbəsi sayılır” .

Qeyd edək ki, H.Kılıç 44 günlük Vətən müharibəsində baş verən hadisələrdən “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının müəllifidir. Bu barədə bir qədər açıqlama verən sabiq səfir deyir ki, 44 günlük Vətən müharibəsi zamanı ruhu və fikri daima Azərbaycanın yanında, cəbhədə idi.


“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı

“Biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa, mediada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım. Kitabın nəşr olunmasında göstərdiyi dəstəyə görə, jurnalist Günel Yaza çox təşəkkür edirəm. Ölkənin informasiya cəbhəsində mübarizə apardığı 44 çətin gün ərzində baş verən hadisələr, müsahibələrim, çıxışlarım Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, bu kitabdan əldə olunan gəliri “YAŞAT” Fonduna bağışladım. Düşünürəm ki, mən çox vacib bir iş görmüşəm. Mən müşahidə etdim ki, insanlar bu kitabı almağa da maraq göstərirdilər. Bu da məni çox xoşbəxt etdi. Biz iki dövlət, bir millətik. Amma yeri gəldikdə bir dövlət, bir millət olmağı da bilirik. Birliyimiz gücümüzdə, gücümüz birliyimizdədir. Azərbaycan Cənubi Qafqazın ulduzudur. Dostlarına da hər zaman qapısı açıqdır. Allah şəhidlərimizi rəhmət etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın, birinci və ikinci Qarabağ savaşı şəhidlərinin xatirəsini dərin hörmətlə anırıq! Zəfər naminə, övladlarının gələcəyi naminə şəhid olan bu böyük insanlar daim xatirimizdə yaşayacaqlar”.

Hazırladı: Gülbəniz Hüseynli

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR