“Ağdam Könüllüləri” “Milli Şəhərsalma Forumu”nun təşkilatçılığında fəal iştirak edib -

Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu ilk dəfə ərazidə fəaliyyətə başlayıb.

Metbuat.az-a Azərbaycan Könüllü Təşkilatları İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, “Ağdam Könüllüləri” 5 oktyabr tarixində Ağdam şəhərində keçirilən beynəlxalq səviyyəli “Milli Şəhərsalma Forumu”nun təşkilatçılığında fəal iştirak ediblər.

Müzəffər Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqramda iştirak üçün müraciət etmiş 1500-dən çox gənc arasından seçilərək, Ağdam rayonundan keçmiş məcburi köçkün statusu olan gənclərdən formalaşdırılan “Ağdam Könüllüləri” qrupunun Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR