Xankəndidə "Vardanyan oyunu":

“Təfəkkürünə və digər göstəricilərinə görə ancaq əyalətdə, özü də müvəqqəti istifadəyə yarayan Araik Arutunyanın beynəlxalq dərəcəli fırıldaqçı Ruben Vardanyana məhz Praqa görüşləri (Əliyev-Paşinyan, Ərdoğan-Paşinyan) öncəsi “dövlət naziri” postu təklif etməsi elə-belə deyildi”.

Metbuat.az xəbər verir ki, bu fikirləri deputat Sahib Alıyevə deyib. Millət vəkili bir faktı xatırladaraq bildirib ki, həmin gün Rusiyanın səfiri Sergey Kopırkin İrəvanda media qarşısına çıxaraq ölkəsinin Ermənistandan üz döndərmədiyini, regionu da tərk etmək niyyətində olmadığını açıqladı ki, hər kəs bu təklifin arxasında kimin durduğunu, nə üçün verildiyini bilsin.

“Ruben Vardanyanın məhz Moskvanın razılığıyla Qarabağda peyda oduğu, ələbttə, kimsəyə sirr deyildi. Və əgər Arutyunyan ona de-fakto “baş nazir” vəzifəsi təklif edirsə, bu, həm də o deməkdir ki, Qarabağdakı separatçı rejim üzərində kontrol da artıq tam Moskvanın əlindədir. Amma mən Vardanyanı boş yerə beynəlxalq dərəcli fırıldaqçı kimi təqdim etmədim. Yəni bu adam o tiplərdəndir ki, hətta çox-çox yüksəkdəkilərin “incə” tapşırıqlarını yerinə yetirəndə belə, həmişə öz oyununu da oynayıb. Yoxsa kasıb bir hay dığasının Rusiyada çox da gəlir vəd etməyən işlə uğraşıb da qısa müddətdə milyarderə çevrilməsi mümkünsüzdü.

İndi o, Qarabağda da tapşırıq yerinə yetirməklə yanaşı, həm də öz oyununu oynayır. Nensi Pelosi, ondan yuxarıda və aşağıda duran demokratların haylara, o sıradan da Qarabağdakılara yardım arzusuyla necə alışıb-yandıqlarını, amma ABŞ-ın dövlət ənənəsində bunu başqalarının əli ilə etməyə üstünlük verildiyini yaxşı bildiyindən bir az pul xərcləməklə milyardlarını qərbin sanksiyalarından qurtarmağa çalışır. Yəni baxmayaraq ona “dövlət naziri” postu təklifinin arxasında Rusiya durur, ən azından bu, ABŞ-dakılara da əl verir. Və təkcə bayaq dediyim səbəbə görə yox, başqa səbəb də var ki, məhz o üzdən Paşinyanla komandasındakılar da səslərini çıxarmırlar. Halbuki Vardanyanın gələcəkdə Ermənistanın başına gətirilməsi üçün Qarabağa atıldığını onlar hər kəsdən daha yaxşı anlayırlar”.

S.Alıyev Qarabağla bağlı ortaq oyun və planlara da diqqət çəkib: “Anlayır və susurlar. Yəqin Rusiyanın onu qərbə bağlılardan ibarət komanda yaratmağa qoymayacağına əmindirlər. Belə də isə ABŞ-ın Ermənistanda get-gedə artan təsirini də nəzərə alaraq demək olar ki, hərbi çevrilişsiz beynəlxalq dərəcəli fırıldaqçının ora baş nazirliyinin baş tutması çox çətindir. Ona görə də Vardanyanın Xankəndində eşələnməsi Paşinyan üçün elə də böyük təhlükə vəd etmir, əksinə, onu bir az rahatladır. Axı, o, çoxdandır ölkəsinin deyil də, məhz Rusiyanın Qarabağda Azərbaycanla üz-üzə gəlməsinə çalışırdı. Vardanyanın “dövlət naziri” qoyulmasını isə yəqin buna yol açacaq addımlardan biri kimi qiymətləndirir. Zənnimcə, Vaşinqtondakılar da oxşar düşüncədədirlər və onlar da çox istərdilər ki, Azərbaycanla Türkiyəni Rusiya ilə toqquşdursunlar”.

Deputat xatırladıb ki, Vardanyan özü də haradasa bir ay bundan qabaq “Forbes”a verdiyi intervüdə “Arsax”ın statusu tam dəqiqləşmədiyindən orada hər hansı post tutmaqla Rusiyanı pis vəziyyətdə qoymaq istəmədiyini demişdi: “Əgər o, uydurma rejimin “dövlət naziri” vəzifəsinə razılaşacaqsa (çox güman ki, bu haqda açıqlama bəlli səbəbdən Praqa görüşündən sonraya saxlanıb), demək, Rusiya “pis vəziyyətdə qoyulmaq”qərarına gəlib. Ona görə də Harutyunyana “təyin et”, Vardanyana isə “razı ol” əmri verilib”.

Deputatın fikirlərinə görə, Vardanyanın “dövlət naziri” qoyulmaqlığına Azərbaycanda hələlik ciddi reaksiya verilməməsinin isə iki izahı var:

“Birincisi, bizim üçün Arutyunyan, yaxud da Xankəndindəki uydurma rejimin hər hansı başqa bir üzvü ilə Vardanyan arasında heç bir fərq yoxdur. Heç kimdirlər, müvəqqətidirlər, digər haylar qalıb yaşasalar da, onlar oradan rədd olacaqlar. Bizim üçün önəmli olan beynəlxalq dərəcəli fırıldaqçının “dövlət naziri” təyinatının ardından Rusiyanın Qarabağda hansı addımları atacağıdır. Reaksiya məhz o zaman üzə çıxacaq. İkincisi, Vardanyandan öncə bəzi hay kökənli varlılar Azərbaycanın işğal altındakı torpaqlarında nəsə tikmiş, yol salmışdılar. İndi həmən yol kimin xidmətindədir? O tikililərin çoxu haradadır? Qoy Vardanyan da Qarabağda nə tikir-tiksin. Hamısı Azərbaycana, etnik kimliyindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarına qalacaq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR