"Elektrik enerjisi istehsalında əhəmiyyətli artım olacaq" -

Azərbaycanda bu ilin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli artım gözlənilir.

Metbuat.az-ın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkədə 28,5 milyard kVt/saat, 2023-cü ildə 29,9 milyard kVt/saat elektrik enerjisinin istehsal ediləcəyi proqnozlaşdırılır: “Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur”.

Nazir həmçinin bildirib ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində isə 157 qiqavat külək enerjisi potensialı var: “İşğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24 %-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində bu ilin yanvar-mart aylarında ölkənin enerji tarixində ilk dəfə xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron” KES və 230 MVt gücündə “Qaradağ” GES layihələri üzrə hazırda işlər davam etdirilir”.

Onun sözlərinə görə, ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 milyard kVt/saat elektrik enerjisinin istehsalı, 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR