Nişanlı qardaşını müharibəyə qoymadı, özü könüllü cəhbəyə yollanıb şəhid oldu -

I Qarabağ müharibəsi Azərbaycan xalqının ən çətin, ağrılı dövrlərindən biri idi. Torpaqlarımızı itirdik, minlərlə insan yurdundan didərgin düşdü, düşmənə qarşı son damla qanlarına qədər vuruşan igidlərimiz şəhid oldu, hələ də yaxınlarından xəbər gözləyən ailələr var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, 3890 nəfər I Qarabağ müharibəsində itkin düşüb. Bu ailələrin gözü hələ də yoldadır. Bəlkə bir gün qayıdacaqlar deyə. Onlardan biri də Leyla xanımdır.

Metbuat.az-a danışan Leyla xanım deyir ki, bacısı Mehriban Qarayeva müharibəyə könüllü yollanmışdı. Elə o günlərdən sonra Mehribandan heç bir xəbər ala bilmirlər…

Qarayeva Mehriban Arif qızı 1970-ci ilin 27 mart tarixində Sumqayıt şəhərində anadan olub. Mehriban xanımgil ailədə 8 uşaq olublar - 4 bacı, 4 qardaş. Ailə vəziyyətləri olduqca çətin olub. Ataları həmin zamanlarda zavodda, anası isə bağçada xadimə işləyib.

Sağdan birinci şəxs - Mehriban Qarayeva. Ata - Qarayev Arif, ana - Hüseynova Ağabəyim

Mehriban Qarayeva özü Sumqayıt şəhər 3 nömrəli məktəbdə təhsil alıb. Ailənin maddi durumu həddən artıq çətin olduğu üçün Mehriban xanım özü də zavodda işləməyə başlayıb. Leyla xanım deyir ki, onda yaşı çox az olub. Baş verən hadisələri dəqiqliyi ilə bilmir. O, bacısının könüllü olaraq müharibəyə getməsini isə belə xatırlayır:

"Anam xəstə olduğu üçün bir müddət ona baxmalı oldum, təhsilimi də tamamlaya bilmədim. Həmin vaxtı da Mehriban işləyirdi. 1990-cı ildə, 18 yaşımda ailə həyatı qurdum, 1991-ci ildə isə artıq bir qızım oldu.

Müharibənin davam etdiyi günlər idi. Torpaqlarımızı qorumaq üçün artıq əli silah tutan kişilər, cavanlar müharibəyə aparılırdı. Yadımdadır, sarı “PAZ” avtobuslar var idi, onları həmin avtobusla yola salırdırlar. Bir gün də kiçik qardaşım Famili həmin avtobusa mindirdilər. O, nişanlı idi. Lakin Mehriban qoymadı ki, Famili aparsınlar. Dedi sən nişanlısan, mən subay. Famili avtobusdan saldı, özü könüllü olaraq müharibəyə tibb bacısı kimi yollandı".

Cəbhəyə könüllü yollandıqdan sonra Mehriban xanım ara-sıra evlərinə gələrmiş. Hal-əhval tutub qayıdarmış. Sonuncu gəlişi zamanı isə əynində hərbi forması olub. O gedişdən sonra bacısını bir daha görmədiyini deyir Leyla xanım:

"1992-ci ildə oğlum dünyaya gəldi, mən xəstəxanada idim. Xəbər verdilər ki, bacım rəhmətə gedib. İnanana bilmədim. Dedim, bacım elə rahat ölən qız deyil”.

Leyla xanımın dediyinə görə, Mehriban Qarayevanın da olduğu maşın Ağdamda minaya düşüb. Axtarışların heç birindən nəticə ala bilməyiblər. O deyir ki, nəinki Mehribanın cəsədi, hətta döyüş, hərbçi yoldaşlarını nə qədər axtarsalar da heç kimi tapa bilməyiblər. Şəhid bacısı bəlkə bu yazı oxunduqdan sonra Mehribanla həmin zamanlarda tanış olan bir şəxs tapılar deyə redaksiyamıza müraciət etdi. Hər bir itkin düşən yaxınının yolunu gözləyən ailə kimi Leyla xanım müsahibəmizə bu sözlərlə yekun vurdu:

"Kaş qolunu, qıçını tapaydıq. Bacımın bir məzarı olardı, bir təsəlli olardı. İndiyə qədər gözlərim yoldadır, elə bilirəm nə vaxtsa gələcək".

Qeyd edək ki, Mehriban Qarayeva 1992-ci ilin 15 iyun tarixində Ağdamda- Sırxəvənd, Kiçan əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR