İran odla "oynayır":

Xəbər verdiyimiz kimi, “İran ölkədəki aksiyalardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına və İraqa hücum təşkil edəcək”.

Metbuat.az bildirir ki, bu barədə ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal”da yayımlanan İranla bağlı maraqlı yazıda qeyd olunub. Qəzetə müsahibə verən ABŞ və Səudiyyə rəsmiləri İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər. Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığı ifadə edilən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının hazır vəziyyətində olduqları qeyd edilib.

İranın bu cəhd ehtimalı ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, Tehran hakimiyyətinin hazırda diqqəti yayındırmaq üçün xarici düşmənlərə ehtiyacı var.

Elxan Şahinoğlu

"İranda vəziyyət gərgindir, mitinq və küçə yürüşləri davam edir. Normalda İrandakı hakimiyyət hansısa islahatlar həyata keçirməlidir ki, vəziyyəti nisbətən sabitləşdirə bilsin. Ancaq İrandakı mövcud rejim islahata meylli deyil, çünki bunun sonun başlanğıcı olacağından ehtiyat edir. Belə vəziyyətdə xarici düşmənlərə ehtiyac var ki, diqqət yayınsın. İran İraqın şimalını bombaladı, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, indi də Səudiyyə Ərəbistanın hədəf götürməsi barədə xəbər yayılıb. Səudiyyə Ərəbistanı İraq deyil, İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək, ABŞ və Böyük Britaniyadan tutmuş müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər dövlətlər İranı hədəf götürəcəklər, üstəgəl İranda yaşayan ərəblər də seyrçi qalmayacaqlar".

Qeyd edək ki, İranın hücuma hazırlığına cavab olaraq, Səudiyyə Ərəbistanı, ABŞ və bir neçə qonşu dövlət öz Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırıblar.

Xatırladaq ki, sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Ölkədə 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR