Ronaldo Qətərdə göz yaşlarına boğuldu -

Dünya çempionatının portuqaliyalı ulduzu Kriştiano Ronaldo Qətərdəki ilk oyununda emosional anlar yaşayıb.

Metbuat.az sfera.az-a istinadən xəbər verir ki, Portuqaliya himni oxunarkən 37 yaşlı hücumçunun gözləri yaşla dolub.

2022-ci il futbol üzrə dünya çempionatının favoritləri arasında göstərilən Portuqaliyanın H qrupunda ilk oyunu olan Qana ilə mübarizədə gözlər Kriştianu Ronaldoda idi.

Qətərdə debüt edən Ronaldo oyundan əvvəl keçirdiyi gərgin dövrə görə çox emosional olub.

“Mançester Yunayted”dən rəsmi ayrıldıqdan sonra klubsuz qalan portuqaliyalı ulduz Qana matçı öncəsi dövlət himni səsləndirilərkən göz yaşlarını saxlaya bilməyib. Mərasim zamanı diqqət mərkəzində olan Ronaldo sosial mediada da gündəm olub.

Müqaviləsinin bitməsinə 6 ay qalmış əfsanəvi klubu ilə vidalaşmalı olan Ronaldo, muzeyində əskik olan yeganə şey - Dünya Kubokunu almaq üçün Qətərdəki son “rəqsinə” qatılıb. Turnir öncəsi komanda yoldaşları ilə münasibətlərinin pis olduğu xəbəri yayılsa da, 37 yaşlı ulduz hücumçu bu söz-söhbətləri qətiyyətlə təkzib edərək, dostlarının da ona böyük dəstək verdiyini bildirib.

Son zamanlar populyarlığını artıran Ronaldo 500 milyon izləyiciyə çatan ilk Instagram istifadəçisi kimi tarixə düşüb.

Portuqaliya ilə dünya çempionatı üçün Qətərdə olan Ronaldo ManU ilə vidalaşdıqdan sonra: “”Mançester Yunayted” ilə danışıqlarımızdan sonra qarşılıqlı olaraq müqaviləmizi vaxtından əvvəl ləğv etməyə razılaşdıq. Mən “Mançester Yunayted”i və azarkeşləri sevirəm, bu heç vaxt dəyişməyəcək. Bununla belə, mənim üçün yeni bir çağırış axtarmağın vaxtı yetişib” - açıqlamasını verib.

Qeyd edək ki, Ronaldo Qana ilə matçın 65-ci dəqiqəsində fərqlənib.Bu Ronaldonun dünya çempionatlarında 8-ci qolu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR