Azərbaycanın SINAM şirkəti və Litvanın BS/2 şirkəti bank sistemində birgə fəaliyyət üzrə əməkdaşlıq memorandumu imzalayıb.
Metbuat.az xəbər verir ki, memorandum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank və İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən Vİ Beynəlxalq bank Forumunda imzalanıb.
Əməkdaşlıq çərçivəsində sima üzərindən şəxsiyyəti təsdiq edən proqram təminatının Litva şirkətinin Avropa və Afrika ölkələrindəki bankomat şəbəkəsində tətbiq edilməsi nəzərdə tutulub. İlkin mərhələdə SINAM və BS/2 şirkətlərinin birgə həlli bankomat vasitəsilə ani kreditlərin alınması üçün istifadə ediləcək. Əməkdaşlığın növbəti mərhələlərində birgə həllərin əhatə dairəsinin genişləndirilməsi də planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Litvanın BS/2 şirkəti öz texnologiyalarını 80-dən artıq ölkədə tətbiq etib və banklar, maliyyə müəssisələri və ticarət-servis təşkilatları üçün ixtisaslaşdırılmış proqram təminatı və texnoloji həllər hazırlayan qabaqcıl şirkətdir.