“Qarabağda baş verən təxribatların arxasında duran Rusiyadır” -

Bildiyimiz kimi, bir neçə gün bundan öncə Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilməsi barədə Azərbaycanın Müdafiə Nazirliyi etirazını bildirmişdi.

Artıq necənci dəfədir ki, Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında Azərbaycanın yer adları erməni dilində yazılaraq, ölkəmiz tərəfindən edilmiş etirazlara biganə yanaşılır. Maraqlı məqamlardan biri də odur ki, Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə heç bir məlumat verilmir.

Məsələyə münasibətini bildirən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Qarabağda baş verən təxribatların birmənalı şəkildə arxasında duran Rusiya tərəfidir. Politoloq deyir ki, Rusiyanın atdığı addımların və həyata keçirmək istədiyi strategiyanın nəticəsi olaraq bugünkü vəziyyət yaranıb.

Samir Hümbətov - Politoloq

“Məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsində separatçıların fəallaşması müşahidə edilir. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Amma buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.Bununla da onlar 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin şərtlərini pozurlar. Biz bunu Rusiya prezidenti Vladimir Putinin danışıqlarında da hiss etmişik. Bu da o qənaətə gəlir ki, Rusiyada bu təxribatlar davamlı şəkildə həyata keçirilir”.

Politoloq hesab edir ki, rus hərbçilərinin Qarabağ bölgəsində atdığı son addımlar bölgədə gərginliyi mütəmadi aktiv şəraitdə saxlamağa hesablanıb.

“Rusiya mümkün qədər çalışacaq ki, təxribatlar törətsin və hətta bölgədə Abxaziya, Osetiya variantından istifadə etməyə də niyyətlidir. Amma burada reallıq bir az fərqlidir. Çünki Azərbaycanın regionda gücü dünyaya bəllidir. Azərbaycan Gürcüstan deyil, onun siyasi və iqtisadi baxımdan, beynəlxalq arenada öz sözünü deyən, güclü dostları, müttəfiqləri var. Odur ki, Rusiya bölgədə qarışıqlıq yaratmaq əvəzinə Ermənistanı sülh masasına çağırmaqla məsələnin həllinə kömək edərsə bu iki tərəfli münasibətlərə də müsbət təsir edə bilər. Təəssüf ki, Rusiya bu sadalananlardan uzaq bir siyasət yürüdür”.

Soçidə baş tutan görüşdən əvvəl Ermənistan Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı məsələni gündəmə gətirməyə çalışmışdı.

“Biz Rusiya sülhməramlılarının Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Qarabağda mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya Prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”, - deyə Paşinyan qeyd edib.

Siyasi analitik hesab edir ki, Azərbaycan 2025-ci ildə Qarabağda rus hərbçilərinin fəaliyyətinin bitməyinə altı ay qalmış etirazını bildərərək, onların bölgədən çıxarılması üçün tədbirlər görməyə başlamalıdır.

“Amma prosesi Rusiya qəsdən qızışdırmağa çalışacaqdır. Bunun üçün də kifayət qədər əsaslar var. Qarabağda hələ də erməni separatçıları aktiv fəaliyyət göstərərək bölgədə təxribat edirlər. Biz sülhməramlılara mandat verməmişik. Görünür ki, niyyətində də deyilik. Çünki bu proses artıq bizə məlumdur. Digər yandan delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək. Kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycanın mövzusu olacaq. O baxımdan düşünürəm ki, Rusiyanın hərbçilərinin Qarabağda qalma müddəti ilə 2025-ci ildə, bəlkə də isə ondan da daha tez müddətə yekunlaşa bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR