Fransa Ermənistanla “bacı-bacı oyunu” oynayır:

"Baş separatçı rolunu de-fakto dələduz Robert Vardanyana təhvil verən Araik Harutyunyanın Fransada peyda olması və ümumiyyətlə, sözü gedən ölkənin Qafqazda fəallaşmaq cəhdləri bizim uzaq tarix cəhənnəm yaxın tarixdə baş verənlərdən də düzgün nəticə çıxarmayan qonşularımızı xeyli ruhlandırıb. Onlar hətta belə düşünürlər ki, guya bu gedişlə Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq və “kiçik bacını” öz qanadı altına alacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib. Deputat bildirdi ki, bütövlükdə Fransanın bizim regiona yanaşmada yeritdiyi siyasət dolayısıyla Rusiyanın maraqlarına xidmət edir.

“Üç böyük dövlət Dağlıq Qarabağ problemini həll edə bilər”

Sahib Alıyev

"Birincisi, onlar diqqət yetirib görsünlər, Harutyunyan Fransada kiminlə görüşür. Hələ gənckən DTK-nın əməkdaşlığa cəlb etdiyi bildirilən Valeri Pekreslə. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndində peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı. Niyə mən Harutyunyanın görüşdüyü və görüşəcəyi adamlar arasında məhz bu xanımın üzərində dayandım? Çünki bütövlükdə Fransanın bizim regiona yanaşmada yeritdiyi siyasət, hətta Avropa Birliyinin adınan Ermənistana göndərilən missiya belə dolayısıyla Rusiyanın maraqlarına xidmət edir. Hətta bizdə də bəzi ekspertlər Fransanın həmən missiyanın orada qalma vaxtının bir ilədək uzatmağa çalışmasını Rusiyanın regiondan vurulub çıxarılmasına hazırlıq kimi qiymətləndirsələr də, mən belə düşünmürəm".

Sahib Alıyev hesab edir ki, Makronun Avropa Birliyi adından Ermənistana missiya göndərməkdə və qalma vaxtını uzatmağa çalışmaqda məqsədi Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etməkdir.

"Burada hələlik Rusiyanın marağına cavab verməyən nəsə varmı? Yoxdur. Əksinə sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərərksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması hələlik belə donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edirmi, edir. Ona görə də məni təəccübləndirən Rusiyanın Makronun Paşinyanla cükküldəşməsindən, Ermənistana missiya göndərməsindən çox narahat olmaması yox, Avropa Birliyinin digər üzvlərinin, özəlliklə də Almaniya kimi nəhəngin Fransanın o qurumun maraqlarına necə zərbə vuruğunu görməzdən gəlmələridir".

Millət vəkili düşünür ki, Rəsmi Paris İranla eyni oyunu oynayaraq Qafqazda sülhün yaranmasının qarşısını alır, ikincisi isə Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki belədə Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir.

"Öncə də bu məsələyə toxunmuşdum və bir daha vurğulayıram ki, Azərbaycan qərbin parçalanmasını istəyən gücün təsirlərinə daha çox yatımlı ölkələrin-Serbiya, Bolqarıstan, Yunanıstan və sair kimlərin enerji təhlükəsizliklərində mühüm rol oynamağa çalışmaqla əslində həm də avropalıların Ukraynada baş verənlərə yanaşmada vahid mövqe sərgiləmələrini təmin edir. Makron Fransası isə guya Ermənistana dəstək adı altında Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Rusiyaya bundan böyük xidmət ola bilərmi?Ona görə də əgər haylar düşünürlərsə ki, Fransa Rusiyanı Ermənistandan vurub çıxaracaq və oranı öz forpostuna çevirəcək, yanılırlar. Fransanın Ermənistanla “bacı-bacı oyunu” Rusiya üçün təhlükəli həddə çatdığı anda Moskvadakılar işlətməyi sevdikləri bir komanda var, onu səsləndirəcəklər. Ola da bilər ki, həmən söz bəlli səbəblərdən Makronun xoşuna gəlsin, ölkəsinin də gələcəkmi? Deyə bilmərəm, amma Fransa da, başında duranlar da o komandaya tam haqq edirlər".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR