XİN başçısının müavini Vaşinqtona səfər edib

11-13 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Fariz Rzayevın rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub.

Metbuat.az-a bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 11-də nazir müavini Baltimor şəhərində təşkil olunmuş “Orta dəhliz: limanlar və hava daşımaları vasitəsilə iqtisadiyyatların birləşdirilməsi” (Middle corridor: connecting economies through ports and air freight connectivity) adlı konfransda iştirak edib, ölkəmizin bu mühüm layihədə artan rolu haqqında danışıb.

12 dekabr tarixində nazir müavini Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş toplantıda iştirak edib, qonaqlar qarşısında dahi şəxsiyyət barədə öz fikirləri ilə bölüşüb.

Dekabrın 13-də nümayəndə heyətinin ABŞ Konqresi aparatının əməkdaşları ilə görüşü keçirilib. Görüş zamanı nazir müavini Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqların gedişatı, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib, qarşı tərəfinin çoxsaylı suallarını cavablandırıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Konqresdə ölkəmizlə sıx əməkdaşlıq edən konqresmen Stiv Şabotun təqaüdə çıxması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR