"Qırğın törədənlərin hamısı cəzalandırılmalıdır" -

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı dünyanın ən amansız cinayətlərindən biri ilə qarşı-qarşıya dayandı. Fövqəladə vəziyyətin elan edilməsi, lakin əhaliyə bu barədə heç bir məlumatın verilməməsi küçəyə çıxan hər bir şəxsin ölümü, yaralanması və ya həbsi ilə nəticələndi. Sovet ittifaqı cızdığı planı həyata keçirmək üçün dinc əhalinin üzərinə tank və silah ilə getdi. Məqsəd Azərbaycan xalqının gözünü qorxudub, mübarizə əzmini qırmaq idi.

20 yanvar tariximizə nə qədər də hüznlü gün kimi qeyd olunsa da eyni zamanda qürur və qəhrəmanlıq səhifəsidir. Ötən əsrdə yaşadığımız hər bir faciənin əsas səbəbi torpaqlarımızı işğal edib, dövlətçilik ənənələrimizi məhv etmək olub. Amma hər birində şəhidlərimiz, qazilərimiz və əzmkar xalqımızın sayəsində düşmənə kimliyimizi, cəsurluğumuzu sübut etmişik. Siyasi arenada 20 yanvar qətliamına ilk reaksiya verən heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşüb və kommunist rejiminin həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib: “

Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Bu hüznlü günü Azərbaycan gənci olaraq tarixin ədaləti və Azərbaycan ordusunun qətiyyətli zəfəri nəticəsində qürur və əzm günü kimi yad edirik. Çünki, 44 günlük Vətən müharibəsi ərzində biz siyasi oyunları pozaraq ərazi bütövlüyümüzü bərpa etdik!

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allah rəhmət eləsin!

Tural Nurməmmədov - "QEYD-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR