İlham və Fərizə hekayəsi...

20 Yanvar faciəsi deyəndə sevgi hekayələri yarımçıq qalan İlham və Fərizə yada düşür.

Metbuat.az əfsanəyə çevrilən İlham və Fərizəni xatırladır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. O, elə gənc yaşlarından vətənə və xalqa can yandıran bir gənc olub. 1989-cu il – Sovet İmperiyasında baş verən çalxalanma Azərbaycana da çatır.Həmin vaxtda hakimiyyətdə qalmaq istəyənlər azadlıq aşiqi olan xalqa qarşı silah işlətməyi qərarını verdilər. Həmin vaxt Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. İlham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur. Belə bir qaynar dövrdə hələ də subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, “oğul, bir qız bəyən, gedib alaq sənin üçün”. İlham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma İlham heç birinə razı olmur. Sonra deyirlər ki, “özün söylə görək, könlün kimdədir?”
İlham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur.

ilham%20esas%20(1).jpg

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər və son görüş

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi Ilham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra Ilham yoxa çıxır. Qardaşı Elxan sonradan öyrənib ki, həmin vaxt İlhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər. İlhamı həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurublar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.

İlham əvvəl Xırdalan qəbiristanlığında basdırılıb. Sonra isə Dağüstü parkda basdırılmalı olduğu bildirilib. Elə İlham məzarından çıxarılan gün Fərizə gecə uksus içib. Onu xəstəxanaya aparsalar da, artıq Fərizə maşındaca keçinib.

Qeyd edək ki, 30 iyun - Fərizə və İlhamın evlilik günü Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR