“Qiyamət Saatı”nın vaxtı

75 ildən artıqdır ki, bəşəriyyətin özünü məhv etmə vaxtını simvolik olaraq təyin edən “Qiyamət Saatı”nın (Doomsday Clock) vaxtı yenilənib.

Metbuat.az xəbər verir ki, saatın əqrəbləri gecə yarısına 90 saniyə qalmışa gətirilib. Bu 90 saniyə bəşəriyyətin özünü məhv etməsi üçün ən qısa müddət kimi tarixə düşüb. Aparıcı elm mütəxəssislərinin həyatın təhlükələri haqqında mülahizələrini əks etdirən "Qiyamət Saatı"nın əqrəbləri 2020-ci ildə gecə yarısına 100 saniyə qalmışı göstərirdi. 2021 və 2022-ci illərdə isə əqrəblərin vaxtı dəyişdirilməyib.

Elm adamları saatın vaxtını gecə yarısına 90 saniyə qalmışa təyin etməklə dünya üçün təhlükənin əvvəlki illərə görə daha real olduğunu demək istəyir. Tədqiqatçıların bəyanatında deyilir ki, saatın vaxtının təyin edilməsində Rusiya-Ukrayna müharibəsi, bioloji təhlükələr, nüvə silahlarının yayılması, davam edən iqlim böhranı, dövlət tərəfindən dəstəklənən dezinformasiya kampaniyaları və pozucu texnologiyalar nəzərə alınıb. Alimlər bu saatı “bəşəriyyətin özünü məhv etməyə nə qədər yaxın olduğunu göstərən metafora” kimi təsvir edirlər.

Qeyd edək ki, “Qiyamət Saatı" ideyası 1947-ci ildə həyata keçirilib. İlk təsis ediləndə saat gecə yarısına 7 dəqiqə qalmışı göstərirdi. Hər il elm adamları nüvə müharibəsi təhlükəsi, iqlim böhranı, sivilizasiyaya təhdid kimi təhlükələri nəzərə alaraq saatın vaxtını yeniləyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR