Bakı, 2 iyun, Nihat Budaqov, AZƏRTAC
Petkim yarımadası Avropanın ən böyük istehsal mərkəzlərindən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz keçirdiyi mətbuat konfransında deyib.
K.Yavuz “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən Trans-Anadolu qaz boru kəməri – TANAP, “Star” neft emalı zavodu, “Petkim” neft-kimya holdinqinin yenidən qurulması, “Petlim” limanı, Petkim yarımadasındakı yeni kömür istilik-elektrik stansiyası və külək elektrik stansiyaları layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, SOCAR 20 milyard dollardan çox investisiya ilə Türkiyənin ən böyük xarici investorudur və 2018-ci ildə Türkiyənin ikinci böyük şirkəti olacaq.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.