Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü tamam olub.

Metbuat.az xəbər verir ki, Vardanyan bununla bağlı fikirlərini profilində paylaşıb. Vardanyan “dövlət naziri” olduğu dövrün 67 gününü “blokada” şəraitində fəaliyyət göstərdiyini bildirərək, qarşısında duran vəzifələri yerinə yetirdiyini və bölgənin kollapsa yuvarlanmadığını iddia edib. “Xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi” – yazan Vardanyanın cümləsinin ikinci hissəsi diqqəti çəkir.

Ruben Vardanyan ilk dəfə etiraf edib ki, separatçılar içərisində ona mane olmaq istəyənlər var. Bu arada Qarabağdakı separatçı “parlamentin hakim fraksiyasının rəhbəri” Artur Arutyunyan bildirib ki, “dövlət naziri” Ruben Vardanyanın tezliklə “istefa”ya gedəcək.

Erməni KİV-i “Hraparak” yazıb ki, məsələ həll olunub və Rusiya tərəfi buna qarşı deyil, ona görə də bir neçə günə fərman veriləcək. Nəşr onu da qeyd edir ki, Vardanyan “istefa” verəcəyi təqdirdə onu “baş prokuror” Qurgen Nersisyanın əvəz edəcəyi gözlənilir.