İranda növbəti zorakılıq:

Son üç ay ərzində İranda müxtəlif əyalətlərində yerləşən məktəblərdə təhsil alan yüzlərlə gənc qız, sinif otaqlarında zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Metbuat.az "Associated Press"ə istinadən xəbər verir ki, baş verən hadisəni İran teokratiyasının rəsmiləri əvvəlcə rədd etsə də, yerli media hesab edir ki, zəhərləmə faktı ölkədə qızlar üçün məktəbləri bağlamaq cəhdlərinin bir parçası ola bilər.

Noyabrın sonlarında İranın paytaxtı Tehrandan təxminən 125 kilometr (80 mil) cənub-qərbdə yerləşən Qum şəhərinin Noor Yəzdanşəhr Konservatoriyasının tələbələri xəstələnib sağaldıqdan sonra dərsə qayıtsalar da dekabr ayında kütləvi zəhərlənmə faktı yenidən təkrarlandı. Uşaqların şikayətləri arasında baş ağrısı, ürək döyüntüsü, hərəkətlərdə çətinlik, həmçinin havada xlor qoxusunu hiss edib ürəyi bulandığını deyənlər də var idi.

Temperaturun tez-tez sıfırdan aşağı düşdüyü İranda bir çox məktəblər təbii qazla qızdırılır. Bütün bu faktlar da qızların sinif otaqlarında karbonmonoksit ilə zəhərlənə biləcəyi fərziyyələrinə səbəb olurdu. Ölkənin təhsil naziri isə əvvəlcə bu xəbərləri şayiə adlandırsa da, hadisənin yalnız qızların təhsil aldığı məktəblərdə qeydə alınması bunun təsadüfi olmadığı şübhəsini artırırdı.

İran səhiyyə nazirinin müavini Yunis Pənahi bildirib ki, Qum şəhərində məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən zəhərləyirlər.

"Qumdakı məktəblərdə kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədilir. Səbəbi isə odur ki, bəzi insanlar məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyirlər", - deyə o bildirib.

İran səhiyyə nazirliyinin mətbuat katibi isə bildirib ki, Qumda məktəblilərin zəhərlənməsi kənar təsirlərlə əlaqəli deyil.

Qeyd edək ki, İranda keçmişdə də qadınlara qarşı belə hücumlar baş verib. Məsələn, 2014-cü ildə İsfahan ətrafında qadınları geyim tərzinə görə hədəf alan bir qrup şəxs onların üzərinə kimyəvi turşu ataraq, üzlərini yandırırdılar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR