“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.

Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.

Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://bit.ly/smartkarabakh


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR