“Qarabağın hava qapısı” - Füzuli şəhəri:

Martın 18-də Baş nazir Əli Əsədov “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Qərara əsasən, Prezident İlham Əliyev tərəfindən “Qarabağın hava qapısı” elan edilən Füzuli şəhəri növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək.

Hazırda qarşıya qoyulan ən mühüm məsələnin “Böyük qayıdış”ı təmin etmək olduğunu deyən millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirdi ki, işğaldan azad olunmuş ərazilərə Azərbaycan vətəndaşlarının köçürülməsi istiqamətində də ciddi işlər aparılır.

"Torpaqlarımızdan qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək" -

Millət vəkili Arzu Nağıyev

“Bildiyiniz kimi, Qarabağın yenidən dirçəldilməsi istiqamətində əngəl yaradan ən böyük problem ermənilər tərəfindən minalanmış ərazilərin təmizlənməsidir. Hazırda quruculuq işləri ilə yanaşı, bu təmizləmə prosesi də paralel olaraq aparılır. 30 il işğal altında qalan ərazilərimizdə ermənilər bölgəyə qarşı olduqca vandal münasibət bəsləyiblər. Nəticədə, dağıntıların miqyası o qədər böyük olub ki, hazırda oranın yenidən dirçəldilməsi də təbii ki, çox vaxt aparacaq. Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdikdən sonra bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların basdırıldığı da məlum olub. Bizim əsas məqsədimiz “Böyük qayıdış”ı təmin etməkdirsə, ən böyük problemimiz də ərazilərin minalardan təmizlənməsidir. Ali Baş Komandan İlham Əliyev bu barədə açıqlamalarında dünyada minatəmizləmə ilə məşğul olan qurumların mövcud olduğunu, onların işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə prosesində iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Buna baxmayaraq, Qarabağda abadlıq işləri sürətlə davam etdirilir. Artıq hər bir rayonla bağlı Baş Plan təsdiq olunur. Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub. Xatırladım ki, azad olunmuş ərazilərimizdə icra olunacaq bu layihələr dünyada ilk olacaq”.

Füzuli şəhərinin yeni görünüşü

“Böyük Qayıdış” çərçivəsində Zəngilan, Laçın istiqamətində işlərin sürətlə davam etdiyini və mərhələli şəkildə köçün icra olunduğunu ifadə edən Arzu Nağıyev xüsusilə vurğuladı ki, dövlətimizin qarşısında duran əsas məqsəd mütləq şəkildə öz ata-baba yurdlarından qaçqın düşmüş şəxslərin yurdlarına yerləşdirilməsdir. Yeni Baş plana əsasən Füzulidə görüləcək işlərə diqqəti yönəldən millət vəkili hesab edir ki, müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq:

“Plana əsasən Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkının salınması, eyni zamanda az və ortamərtəbəli çoxmənzilli binalar da inşası nəzərdə tutulub. Bildiyiniz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsinin inşasının ilk mərhələsində 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binalarının tikintisi planlaşıdırılır. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə işğal altından azad edilən yurdlarına qayıdacaqlar”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan büdcəsinin əsas istiqamətlərindən birinin də məhz bərpa məsələsinə ayrıldığını qeyd edən millət vəkili bildirdi ki, Qarabağda qarşıdakı illərdə nəyinki infrasturktur eyni zamanda sənaye müəssisələrinin tikintisi də plana daxildir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın abadlaşdırılması istiqamətində dövlət qurumları ən yüksək səviyyədə öz işlərini həyata keçirirlər. Məlumdur ki, çətin dağ şəraitində olan aparılan tikintilərdə kommunikasiyaların açılması da çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə də addımlar atılacaq. Çox mühüm bir məsələni də qeyd etmək istəyirəm. Artıq Şuşa şəhərinə turist marşrutları bərpa olunub. Bu həm də Füzuli rayonundan da keçəcək. Əsas məqsəd Qarabağda yurd-yuvasına qayıdan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasıdır. Dövlətimizin heç kimdən maliyyə dəstəyi almadan bu kimi iri layihələri icra etməsi həm orada yaşayacaq sakinlərin rahatlığına zəmanət vermək, həm də Azərbaycana qarşı dost münasibət bəsləməyən bəzi dövlətlərə siyasi bir mesajdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR