Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ Prezidentinin Azərbaycan Prezidenti və xalqını Novruz bayramı münasibətilə təbrik etməsi mühüm hadisədir.
Əvvəlcə qeyd edim ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ Prezidenti heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən olan bayram təbriki ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.
Co Baydenin Prezident İlham Əliyevə təbrik məktubunda iki məqam diqqət çəkir:
Birincisi, Bayden təbrik məktubunda deyib ki, “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər”.
Mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırır. Belə ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq, rəsmi Bakı TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələr ərsəyə gətirib. Bundan başqa, Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.
İkincisi, Co Bayden “Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir” deyib.
Prinsip etibarilə indiki məqamda Ermənistan və Azərbaycanın uzlaşmasında ABŞ-ın müsbət töhfələri ola bilər. ABŞ-ın prosesdə iştirakı həm də Bakının əlini gücləndirə bilər. Lakin bütün hallarda Vaşinqtonla ehtiyatlı davranmaqda fayda var. Belə ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün rəsmi İrəvandan ərazi bütövlüyümüzü tanımasını istəyə, proses yekunlaşdıqdan sonra isə Qarabağ ermənilərinə statusun verilməsi kimi istəklər də sərgiləyə bilər.
İran-Azərbaycan gərginliyi: 907-ci düzəlişin ləğvi
Baydenin təbrik məktubunun diqqətçəkən bir digər məqamı da məktubun məhz İran-Azərbaycan gərginliyinin pik həddə çatdığı bir zamanda göndərilməsidir.
Hər nə qədər Ermənistanla sülhün əldə edilməsi məsələsindən ABŞ-dan ehtiyat etməli olsaq da, İran məsələsində Vaşinqtonla yaxınlaşmağın Bakı üçün müsbət nəticələri ola bilər. Xüsusilə də bu istiqamətdə 907-ci düzəlişin ləğvinə nail ola bilərik.
Prinsip etibarilə ABŞ Prezidenti Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı 907-ci düzəlişi bir neçə dəfə müəyyən vaxt üçün ləğv edib. İndiki məqamda buna birdəfəlik nail olmaq lazımdır. 907-ci düzəlişin ləğvi isə ilk növbədə Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsi üçün önəmlidir.
Politoloq Turan Rzayev / Metbuat.az