Xırdalanda borcu olmayan sakinlərin işığı niyə kəsilir? -

Xırdalan sakinlərinin elektrik enerjisinə borcları olmadıqları halda işıqları kəsilir.

Bu barədə bir qrup sakin Metbuat.az-ın qaynar xəttinə müraciət edərək bildirib. Sakinlər yaşadıqları mənzildə borclarının olmamasına baxmayaraq, tez-tez işıqlarının kəsildiyindən şikayət ediblər.

Belə ki, söhbət Xırdalan şəhəri, Qalubiyyə küçəsi 21 ünvanında yerləşən "Xələfli MTK"ya məxsus Bina 25-dən gedir.

Sakinlərin sözlərinə görə, onlar mənzillərində quraşdırılan "Azərişıq"ın sayğacına əsasən vaxtı-vaxtında ödəniş edirlər. Buna baxmayaraq, tez-tez yaşadıqları binada işıqlar kəsilir. Bir gün öncə də eyni problemi yaşayan sakinlərin sözlərinə görə, bu dəfə baş verən qəza səbəbindən işıqlar kəsilib, 12 saatdan çox işıqsız qalıblar. Bu gün isə yenidən işığın verilməsində problem yaşanıb. Sakinlər Xırdalan Elektrik Şəbəkəsinə gedərək bunun səbəbi ilə maraqlanıblar. Bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb binanı tikən MTK-nın borcunun olmasıdır. Yalnız 4 saatdan sonra elektrik enerjisinin verilməsi bərpa olunub.

Borcu olmayan yüzlərlə abonentin işığı hansısa MTK-ya görə niyə kəsilməlidir? Bu suala cavab tapmaq üçün "Azərişıq" ASC-nə sorğu ünvanladıq.

Qeyd edildi ki, problem "Azərişıq"a aid deyil:

"Bu artıq MTK-nın problemidir. Baş sayğaca qədər işıq verilib. Ondan sonrakı proses isə MTK-ya aiddir. MTK özü öz problemini həll etməlidir. Baş sayğacdan sonra MTK işığı harada yandırır və ya söndürür buna biz qarışmırıq".

"Azərişıq"dan verilən bu açıqlamadan belə aydın olur ki, MTK özü öz işığını kəsir.

Məsələni diqqətdə saxlayacağıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR