Xəbər verdiyimiz kimi, azərbaycanlı həkimlər Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadına yardım göstəriblər. Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım maşını gəlib, xəstəyə ilkin müdaxilə edilib. Daha sonra erməni qadın təcili tibbi yardım avtomobili ilə Xankəndi istiqamətinə aparılıb.
Vəziyyəti şərh edən siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından diqqətçəkən detaldır:
“Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir. Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır”.
Asif Nərimanlı qeyd etdi ki, ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndində Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir.