"Xarici seriala baxır boşanır, özünə yaraşıqlı sevgili tapır"

“Son illər “qaçaqaç dövrü” başlayıb, gənc qızlar “TikTok”da kimləsə tanış olur, sonra evdən qaçır. Təsəvvür edin, biz iki həftə öncə sosial şəbəkədə tanış olduğu oğlana qoşulub qaçan Sumqayıtdan olan qızı tapıb gətirmişik. Oğlan özü etiraf edir ki, bəli, sosial şəbəkədə tanış oldum, mənə dedi ki, heç kimim yoxdur...”

Metbuat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış televiziya aparıcısı Amil Xəlil deyib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə milli dəyərlərimizə xas olmayan bəzi mənfi halların artmasının səbəbkarı xarici telekanalların ölkəmizdə yayımlanmasıdır:

“Artıq bu biabırçı, rəzalət halını alıb. Evində qız uşağı böyüdənlərə deyirəm ki, əgər uşağın 18 yaşı tamam olmayıbsa, evdən peyk antenalarını (krosna) yığışdırın. Bizim əməkdaşlar test üçün mənə türk, rus seriallarından bəzi hissələri göstərdilər, inanın ki, biabırçılıq. Bacı bacının əri ilə oturub-durur, qardaş digər qardaşın həyat yoldaşı ilə münasibət qurur və s. Xarici kanallar açıq-aşkar biabırçı halları reytinq xatirinə ekran işində əks etdirirlər. Biz isə öz ölkəmizdə bu bəlanın qurbanı oluruq. Kabel televiziyalarında yerli telekanalları aparıb 15-20-ci yerə qoyurlar. Mən bunun izinə düşdüm, bəlli oldu ki, bəzi özəl kanallar, üstəgəl xarici kanallar şirkətlə danışır, pulunu verir və deyir ki, məni qabağa sal. Və beləcə xarici ölkələrin reklam bazası bizim ölkəmizə daxil olur, bu da yerli kanalların inkişafına maneə törədir. Onlar da istədiklərini, pozğunluğu ölkədə təbliğ edirlər. Amma biz cəmiyyət olaraq bir söhbət olan kimi yapışırıq yerli kanallardan”.

O, bu məsələ ilə əlaqədar Audiovizual Şuraya da müraciət edəcəyini bildirib:

“Bu barədə mən Audiovizual Şuranın rəhbərinə də müraciət edəcəyəm. Şura yerli kanallara nəzarət edir, efirdə adicə siqaretin görüntüsü belə getmir, dərhal müdaxilə olunur. Biz özümüzlə bacarırıq, bəs xarici kanallarla necə bacaracağıq? Onlar bizim gəncliyi pozur, istədikləri təbliği aparırlar. Biz bu məsələdə əl-ələ verməliyik, bütün həmkarlar bu məsələdə həmrəy olmalıyıq, bir-birimizi “yeməyək”.

Bəzi postsovet ölkələri yerli kanallarının inkişafı üçün rus telekanallarının yayımına bir müddət qadağa qoydu. Biz də bunu istəyirik.

Gəlin, əl-ələ verək, qoy valideynlər də bilsin ki, vallah, billah biz milli dəyərləri qoruyuruq, bunu qorumayan xarici kanallardır. Əgər kiminsə evində 14-16 yaşlı qız kiməsə qoşulub qaçırsa, bunun səbəbkarı yerli kanallar deyil. Oturub ailəlikcə Türkiyə kanallarında yayımlanan +18 seriallara baxırlar. Bilirsiniz ki, psixoloji olaraq şüuraltı təsir daha təhlükəlidir. 14 yaşlı qız seriala baxır, görür ki, orada cavan qız qoşulub qaçır, eynisini o da edir”.

Aparıcı qeyd edib ki, bu gün artan boşanma hallarında türk və rus seriallarının təbliğatının “əməyi” danılmazdır:

“Çox adam bunu etiraf edə bilmir, amma bu gün ailələrin dağılmasına da səbəb məhz xarici seriallardır. Bu gün bəzi xanımlar çox baxımlıdır, həyat yoldaşları isə bütün gün müxtəlif işlərdə fəhlə, sürücü kimi fəaliyyət göstərir, özünə baxmağa vaxtı olmur. Xanım da seriala baxır, görür ki, obraz çox rahat şəkildə boşanır, özünə yaraşıqlı bir sevgili tapır. Başlayır o da yaraşıqlı bəy deyə-deyə özünə cavan bir sevgili tapmağa.

Bizim verilişə neçə şikayətçi müxtəlif ailədaxili problemlərlə müraciət edir. Həmin vaxt qadından soruşuram ki, ərindən diksinirsənmi? Əgər cavab “hə”dirsə, bilin ki, həmin qadının yüzdə yüz başqası ilə münasibəti olub. Ona görə həmin qadın ərinə qayıtmır, onu istəmir.

Burada xarici serialların rolu böyükdür. Seriallarda obrazlar 3-4 oğlanı əlində fırladır. Bütün bunlar təbliğatdır. Niyə mənim ölkəmdə xarici telekanalların reklamı aparılmalıdır?”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR