"İrəvanda Azərbaycan bayrağının yandırılması nadürüstlükdür" -

“Ermənistan tərəfi İrəvanda Azərbaycan bayrağına qarşı etdiyi bu nadürüst hərəkətlə özünü pis vəziyyətdə qoydu”.

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Millət vəkili hesab edir ki, bu davranışları ermənilərin sülh masası ətrafında da dilini qısa edəcək faktlardan biridir.

“Bütün dünyada artıq məlum faktdır ki, erməni idmançıları, siyasətçiləri kim olur olsun Azərbaycana gələn zaman onların həm təhlükəsizliyi təmin edilib, həm idmançılarına, həm də bayraqlarına hörmətsizlik edilməyib. Hətta Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı Azərbaycan Prezidentinin erməni idmançısına qarşı etdiyi jest də bütün dünyaya məlumdur. Bu, Azərbaycan dövlətinin müdrikliyinin, əqidəsinin göstəricisidir. Ötən gün aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılması ermənilərin nə qədər geri zəkalı, xudpəsənd olduğunu, içlərinin nifrətlə bəsləndiyini bir daha aşkara çıxardı”.

Razi Nurullayev vurğuladı ki, bayrağımıza qarşı edilən hörmətsizlik həm Ermənistanla danışıqlarımızda, həm də beynəlxalq platforma və müstəvilərdə Azərbaycanın əsas təqdim edəcəyi faktlardan biri olacaq. Bayrağımıza qarşı edilən vəhşiliyin həmin o danışıqlar masasında kifayət qədər ermənilərin dilinin bağlanmasına səbəb olacağını ifadə edən millət vəkili qeyd etdi ki, onlar çətin suallar qarşısında qalmalı olacaqlar.

“Bir neçə gün öncə Azərbaycan əsgərinə qarşı alçaldıcı və işgəncə verici hərəkətlərlə gündəmə gələn Ermənistan artıq Azərbaycanla danışıqlarda daha çətin suallar qarşısında qalacaq. Azərbaycan isə təbii ki, bütün bunları pisləyir. Amma bu o demək deyil ki, biz də erməni idmançılarına, ermənilərə qarşı bu cür hərəkət etməliyik. Qoy, onlar özlərini biabır edib, alçaltsınlar. Onların bu təxribatlarına yalnız müdrik addımlar ataraq cavab verə bilərik. Azərbaycan idmançısı Azərbaycan bayrağını qələbə olaraq qələbə çalaraq başı üzərinə qaldıraraq, himnimizi səsləndirməklə ermənilərə layiqli cavab vermiş olacaqdır. İnşallah, həmişə buna nail olmuşuq. Qoy onlar isə təxribatla məşğul olsunlar. Bayraqları da aşağıda qalsın”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR