“Onun müsahibəsinə baxanda...” - Kamil 7 yaşlı uşağın ölümündən DANIŞDI

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun hərəkətləri ölkə gündəmini silkələyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi M.Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış idmançı Kamil Zeynallı son günlər mətbuatda məşqçinin uşaqlarla qəddar davranmasını əks etdirən videogörüntülərə ürək ağrısı ilə baxdığını bildirib:

“Bu hadisəyə görə mən də Azərbaycan vətəndaşı olaraq təəssüf hissi keçirdim. Bu cür hadisələr dünyanın harasında olursa, olsun, fərqi yoxdur, faciəvi haldır. Belə halların öz ölkəmizdə baş verməsi isə ümumiyyətlə, pis təsir edir. 7 yaşlı uşağın anasının müsahibəsinə baxanda çox kədərləndim, Allah ona səbr versin.

Həmin məşqçi kimi aqressiv insanlar cəmiyyətdə çoxdur. Bu cür insanları öz yaxınları tanıyırlar, sadəcə olaraq, çox vaxt ya utanırlar, ya da qorxurlar deyə bu haqda heç nə demirlər. Onlar bu cür insanları aşkara çıxarmağa qorxurlar ki, sonra hər hansı hadisə çıxmasın.

Belə aqressiv insanlar tək idman zalında olmur. Öz ailəsinə, yaxınlarına qarşı da bu cür aqressiyası olan dırnaqarası kişilər var. Onlar istənilən sahədə olur.

Azyaşlı uşağın bu hala salınması insanlıqdan kənar haldır. Mən bunu insanlığa yaraşmayan hərəkət hesab edirəm. Mehman Xəlilov üçqat Avropa mükafatçısı olub, Azərbaycan adına nailiyyətləri olub, sağ olsun, amma bu hərəkəti ilə hamısını məhv etdi. Uğur qazanmaq asandır, lakin o uğuru qoruyub saxlamaq çətindir. Bu insan hər şeyi məhv edib özünü Azərbaycanın düşməni elan etdi”.

Onun sözlərinə görə, cəmiyyətdə həmin məşqçi kimi aqressiv insanlar çoxdur və bu aqressiyanın yalnız idmançılara xas olduğunu iddia etmək yanlışdır:

“Bəzən cəmiyyətdə elə fikir yaranır ki, idmançılar aqressiv olurlar. Xeyr, bu, yanlışdır. Tək idmançılar aqressiv olmur. Elə əsəbi insanlar var ki, idmançılar onun yanında toya getməlidir. Hər kəs əsəbləşə bilər. Sıradan insanların aqressiyası daha çoxdur. Bu gün elə bərbad, kobud, pis insanlar var ki...

İdmançılar da hər kəs kimi əsəbləşir, amma bu o demək deyil ki, sən öz qol gücündən istifadə edib özündən zəifi hər gün döyəsən, sözünlə qarşındakını əzib, sındırasan. Hər dəfə qol gücünə güvənib bunu edirsənsə, insanlar da səndən qorxub cavab vermirsə, sən idmançı deyilsən, belə insanlar bədbəxtdir, insanlıqdan kənardır. İdmançı olmamışdan öncə adam olmaq lazımdır. Fərqi yoxdur, hansı sahədə çalışırsan, ilk növbədə adam olmağı öyrənməlisən”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı