"Narsismus" - Tural İsmayılovun hekayəsi

O, bu gün də otağında oyandı. Yeni planetdə hər tərəf güzgülərdən ibarət idi və ancaq “mən gözələm”, “mən üstünəm”, “mən dəyərliyəm”, “məndən dəyərlisi yoxdur” ifadələri yazılmışdı. Otağının dörd bir tərəfi ancaq güzgülərdən ibarət idi. Bir az var-gəl edib olanları düşündü. O, necə oldu ki, bura gəlib çıxmışdı? Suallarına cavab tapa bilmirdi, çünki həqiqətən də hər şey anidən olmuşdu.

Yer kürəsində hamı onun kimi deyildi. Narsismus planetində isə hamı guya özünü ən üstün sayırdı, amma fərdiyyətçilik sultanlığı idi bura. Güzgülərə baxırdı və özünü tərifləyirdi. “Mən dünyada üstün idim, bu planetdə də ən üsün mənəm”.

Artıq yeni planetdəki həyatı bir həftədir davam edirdi. Yerdən ötrü darıxmırdı. Çünki oradakılardan fərqli və üstün olduğuna inanırdı. Bu gün oyananda yenə güzgülərdə tərifli sözlər eşidirdi. Tənqid demək olar ki burada yox idi. Boz, yeknəsək və darıxdırıcı fərdiyyətçilik planetində hamı öz hayında idi. Bu yönüylə planet bir az da Yer kürəsini xatırladırdı. Son dövrlər onun cəmiyyətində də narsist insanlar bir xeyli çoxalmışdı. İndi isə qəribə və şiddətli formada başı ağrıyırdı. Otağında bir dənə də olsun dərman ya da tibbi ləvazimat yox idi. Kimin qapısını döyəcəyini bilmirdi. Dünyanın narsisti indi bir narsist topluluğunun arasında idi.

Qonşular ya qapını açmırdı, ya da ona içəridən kobud formada cavab verirdilər. Hamı onunla danışmağı özlərinə rəva bilmirdi. İndi anlayırdı ki, fərdiyyətçilik və iufrat eqo sonunda çarəsizlik yaradır. Küçədə planetin şüarı iri bannerlərdə reklam edilirdi: “Özünü sevməyən, görünüşünü, həyatdakı yerini, duruşunu bəyənməyən bir insanın xoşbəxt həyat sürməsi düşünülə bilməz”.

O, baş ağrısı ilə təkbaşına mübarizə aparırdı və həm də düşünürdü ki, vətəndaş həmrəyliyinin, insanların bir-birinə sayğı duyduğu, bir-birinə tövsiyə etdiyi cəmiyyət bəlkə daha gözəldir? Dizini qatlayıb iri bir hasarın kandarında torpağa çökdü. Bu vaxt qulağına səslər gəlirdi: “Narsistik şəxsiyyət pozuntusu olan insanlar başqalarının düşüncə və istəklərinə lazımi diqqəti göstərmirlər, onlar üçün hər zaman özləri daha önəmlidir. Bu cür insanlar öz plan və hədəflərinə çatmayanda çox böyük ruh düşkünlüyü yaşaya bilirlər. Üstünlük duyğusu, bəyənilmə istəyi, heyranlıq gözləntisi və empati qurmama narsistik şəxsiyyət pozuntusunun ən əsas xüsusiyyətlərindəndir. Bu cür insanlar ürəkdən və dərindən sevə bilməzlər və ya dərindən kədər hissi keçirməzlər. Kənardan soyuq, məsafəli, özündənrazı, özünü bəyənmiş kimi görünsələr də, bu görünüşlərinin altında, əslində inciməyə meyilli, qırılqan, özgüvənində özünə verdiyi dəyəri az olan bir şəxsiyyət vardır”.

Artıq sıxılırdı, heç kim danışmırdı bu planetdə, hər yerdə ancaq güzgülər, eqoist olmaqları ilə fəxr edən və özlərini tərifləyən insanlar, bir-birinə salam belə verməyən, bir-birinə baxanda ancaq təkəbbür sezilən adamlar var idi. Bu anda elə bildi ki, ürəyi dayanacaq. Çox peşman idi, başa düşməyə başlayırdı ki, hamı ölür, hamının həyatı fərqli olsa da başlanğıcı və sonu eynidir. Anidən hönkür-hönkür ağlamağa başladı. Və üzünü buludlara tutub qışqırmağa başladı: “Lənətə gəlsin radikal fərdiyyətçilik”!

...... “Oyan, özünə gəl...”

Gözünü açdı, psixoterapevtinin üzünə baxırdı. Həkimi dedi:

  • Hipnoz sayəsində səni ən dərinlərə apardıq. Mənə elə gəlir ki, sən daha yaxşısan.
  • Əlbəttə, heç olmadığı qədər.

Həkimi ilə sağollaşıb çölə çıxanda balaca bir uşağın ayaqqabısını bağlaya bilmədiyini görüb ona yaxınlaşdı. Ayaqqabılarını bağlayıb, uşağı tumarladı və içində dedi: “Lənətə gəlsin fərdiyyətçilik”.

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı